Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevdən
24 dekabr 2021, 10:46
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan.
Sizin qətiyyətli rəhbərliyiniz altında Vətən müharibəsində şanlı zəfər qazanmış xalqımızın böyük iftixar hissi ilə öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu bir dövrdə ad gününüz münasibətilə Sizi təbrik etmək xüsusi rəmzi məna daşıyır.
Bu gün Azərbaycan xalqı Sizin sarsılmaz iradəniz, uzaqgörən siyasətiniz və fədakarlığınız sayəsində öz tarixinin ən parlaq dövrünü yaşayır. Qarabağ zəfəri Azərbaycan xalqının yenilməzliyini, vəhdətini, Vətən sevgisini, rəşadətini, mübarizə əzmini və siyasi mədəniyyətini bütün dünyaya nümayiş etdirmişdir. Siz ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə tarixi ədaləti bərpa etdiniz, dünya azərbaycanlılarını öz ülvi arzularına qovuşdurdunuz. XIX əsrin əvvəllərindən etibarən haqsızlığa məruz qalmış və torpaqları əlindən alınmış xalqımızın azadlığını və istiqlalını əbədi etdiniz, 30 il əvvəl əzilmiş qürurumuzu özümüzə qaytardınız. Azərbaycanın hərb tarixində qəhrəmanlıq salnaməsi yazaraq, bizə bu möhtəşəm qələbə sevincini bəxş etdiyinizə görə Sizə və şücaətli Azərbaycan əsgərinə minnətdarıq.
Hələ 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanmaqla Prezident seçilərkən ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərinə sadiq qalaraq, bəyan etdiyiniz dövlət siyasətini həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl şəkildə və uğurla həyata keçirirsiniz. Bu gün ölkədə siyasi baxışlarından asılı olmayaraq, xalq-hakimiyyət birliyi mövcuddur ki, bu da Azərbaycanın beynəlxalq aləmdə ədalətli yer tutmasını təsdiq edən amillərdəndir.
Hazırda təmsil etdiyim Cümhuriyyət Xalq Partiyası daxil olmaqla, bütün siyasi partiyaları bir-biri ilə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Məhz xalq-iqtidar birliyi sayəsində ölkəmizdə müasir dövlət qurulmuş, azad cəmiyyət yaradılmışdır. Azərbaycan hakimiyyəti vətəndaşların siyasi arenada iştirakı, siyasi birliklərdə təmsil olunmağa təşviq edilməsi, seçki və partiya institutunun təkmilləşməsi üçün ortaya güclü iradə qoymuşdur. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr yolu ilə inkişaf etdirilməsi daxili siyasi mühitdə yeni mərhələnin başlandığından xəbər verir. Milli həmrəylik, yeni siyasi konfiqurasiyanın formalaşması, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkəmizin tolerant, sülhpərvər nüfuzunun qorunması və digər ictimai-siyasi mövzular təşəbbüskar gənclərin dövlətin siyasi institutlarında iştirakını artırmaqla, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
Möhtərəm cənab Prezident, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.
Hörmətlə,
Bədrəddin Quliyev
Cümhuriyyət Xalq Partiyasının sədri