Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafadan
24 dekabr 2021, 10:34
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Dekabr ayının 24-də Azərbaycan xalqı Sizin 60 illik yubileyinizi qeyd edəcək. İlk növbədə Böyük Quruluş Partiyasının başqanı olaraq, Sizi bu yubiley münasibətilə rəhbəri olduğum partiyanın adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ölkə rəhbərinin ad günü böyük bir şəxsiyyətin tərcümeyi-halına aid hadisə olmaqla yanaşı, həm də bütövlükdə bir xalq üçün əlamətdar hadisədir. Çünki dövlətin başçısı xalqı təmsil etməklə onun taleyində həlledici rol oynayan, onun strateji xəttinin istiqamətlənməsinə yön verən əsas simadır. Sizin budəfəki yubileyinizin əsas fərqli cəhəti özünüzün də qeyd etdiyiniz kimi, onu "heç vaxt indiki qədər güclü olmayan, öz taleyinə sahib olan, müstəqil ölkə, azad xalq, dünya miqyasında öz layiqli yerini tutan" bir dövlətin, müxtəlif sahələrdə əldə edilən nailiyyətlərlə yanaşı, həm də, Ali Baş Komandan kimi tarixi qələbələrə apardığınız qalib ölkənin rəhbəri kimi qeyd etmənizdir.
Hörmətli cənab Prezident, Siz Azərbaycan xalqının otuz ilə yaxın müddətdə səbirsiziliklə gözlədiyi işğal altında olan torpaqlarımızın azadlığa qovuşmaq arzusunu 44 günlük şanlı savaşda xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də öz siyasi uzaqgörənliyiniz, diplomatik bacarığınız, hərbi-strateji istedadınız və qətiyyətli mövqeyinizlə təmin etdiniz.
Cənab Prezident, son zamanlar məhz Sizin təşəbbüsünüzlə Azərbaycanda siyasi dialoq mühitinin inkişafında, ictimai təşkilatların və siyasi partiyaların qeydə alınmasında süni bürokratik əngəllərin aradan qaldırılması, siyasi partiyalarla məsləhətələşmələrin və fikir mübadilələrinin ənənəvi xarakter alması, parlament demokratiyasının inkişafı üçün əhəmiyyətli addımların atılması ölkəmizdəki siyasi plüralizmin inkişafında maraqlı olan bütün qüvvələr tərəfindən təqdirlə qarşılanmaqdadır.
Böyük Quruluş Partiyasının rəhbərliyi və bütün üzvləri adından bu xoş fürsətdən istifadə edərək 60 illik yubileyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə uzun ömür, cansağlığı, ölkəmizin inkişafı və tərəqqisi naminə olduqca məsul və şərəfli dövləti vəzifənizdəki fədakar çalışmalarınızda yeni uğurlar arzu edirəm. Ümid edirik ki, Qarabağda qazandığınız şanlı Qələbənin ardınca Azərbaycanın işğaldan azad olunmuş əraziləri, dağıdılmış şəhər və kəndlərimiz tamamilə bərpa ediləcək, ölkəmizin suveren hüquqları dövlətimizin hər bir guşəsində əbədi bərqərar olacaqdır.
Hörmətlə,
Fazil Mustafa
Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı