Milli Məclisin deputatı Aqil Abbasdan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
23 dekabr 2021, 17:37
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və Azərbaycan naminə apardığınız mübarizədə daha böyük uğurlar diləyirəm.
Möhtərəm cənab Prezident, Siz 60 yaşınızda ən böyük hədiyyəni özünüz etmisiniz. Özü də yalnız özünüzə deyil, bütün Azərbaycan xalqına hədiyyə etmisiniz - 30 illik həsrətə son qoymusunuz, torpaqlarımızı düşməndən azad etmisiniz.
Möhtərəm cənab Prezident, bəs, mən Sizə nə arzulayım? Tanrı Sizə hər şeyi verib: boy-buxun, yaraşıq, sərkərdəlik qabiliyyəti, xalq sevgisi, 44 günlük müharibədə Sizi bir an tək buraxmayan ömür-gün yoldaşı, qüdrətli dövlət və dünyada qəbul olunan müdrik bir siyasətçi. Adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq qüdrətli bir Sərkərdə.
Möhtərəm cənab Prezident, Sizə nə arzulayım?! Tanrı o günü Sizə və Azərbaycan xalqına Qarabağda tikdiyiniz şəhər və kəndlərin sakinlərinin doğma yurd-yuvalarına dönəcəyi gün açılış lentlərini kəsməyi qismət eləsin. Ağdamda, Kəlbəcərdə, Laçında və bütün azad olunmuş torpaqlarımızda ad gününüzü öz ev-eşiyinə köçmüş məcburi köçkünlərlə birgə keçirməyi, çay süfrəsi arxasında oturmağı, onlarla birgə Qarabağ plovu yeməyi arzulayıram.
Möhtərəm cənab Prezident, bir daha ad gününüzü ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ömür-gün yoldaşınız, xalqın sevimlisi Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycan naminə daha böyük uğurlara imza atmağınızı arzulayıram.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Aqil Abbas
Milli Məclisin deputatı, yazıçı, "Şöhrət" ordenli.