Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevdən
23 dekabr 2021, 17:28
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Azərbaycan xalqı Sizi ölkəmizin ağır günlərində, 20 Yanvar qətliamından sonra atanız Heydər Əliyevin Moskvada, Azərbaycanın daimi nümayəndəliyində qırğını törədənləri lənətləyib, cinayətkarların cəzalandırılmasını tələb etdiyi tarixi mətbuat konfransında onunla çiyin-çiyinə dayanan gördü. O gündən xalqımız Azərbaycanın müstəqilliyinin, suverenliyinin əldə olunması və qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda uzun və məşəqqətli bir mücadilə yolu keçdi. Bu yolda Siz də Heydər Əliyevin yaxın silahdaşı kimi onunla birlikdə addımladınız, Heydər Əliyevin liderliyi ilə Azərbaycanın qarşısında dayanan ən böyük problemlərin həllinə yol açacaq enerji strategiyasının müəyyənləşməsi və həyata keçirilməsində mühüm rol oynadınız.
Sizin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətiniz, şübhəsiz ki, ölkəmizi mürəkkəb ictimai-siyasi proseslərin içərisindən uğurla keçirərək, Azərbaycan ərazi bütövlüyünün təmin olunmasına nail olmağınızdır. İnanıram ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimiz üzərində suveren hüquqlarımızın tam təmin olunması da məhz Sizin Azərbaycana rəhbərlik etdiyiniz dönəmdə baş verəcək, genişləndirilən hərtərəfli islahatlar nəticəsində Azərbaycan demokratik və inkişaf etmiş ölkələr arasında öz yerini möhkəmlədəcəkdir.
Hörmətli cənab Prezident, Sizin türk dünyasının birliyi istiqamətində göstərdiyiniz səylər də heç zaman unudulmayacaqdır.
Sizi bir daha bu böyük yubiley münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbətlik arzulayır, fəaliyyətinizdə uğurlar diləyirəm.
Dərin hörmətlə,
Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri,
Milli Məclisin deputatı