"Azərbaycan Mübarizləri" Partiyasının sədr əvəzi Səadət Müslümovadan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
23 dekabr 2021, 17:26
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Mən "Azərbaycan Mübarizləri" Partiyasının bütün üzvləri adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, firavanlıq, səadət, Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirəm.
Güclü siyasətiniz daim xalqımızın rifahı və əmin-amanlığı naminə olmuşdur. Bu da bizi daim qürurlandırmışdır. Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində uğurları, habelə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi hər zaman bizi sevindirmişdir. Bütün bu uğurlar Sizin adınızla bağlıdır, Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl, daxili və xarici siyasətin ayrılmaz hissəsidir.
Azərbaycan 44 gün ərzində parlaq Qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir və bu, Qələbə tariximizə qızıl hərflərlə yazılmışdır. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, rayonlar, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
Azərbaycan xalqı və rəşadətli Ordumuz Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində müasir tariximizin ən şanlı səhifəsini yazdı. Otuz il davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bununla da Azərbaycan bölgədə yeni reallıqlar yaratdı.
Müzəffər Ali Baş Komandan, bütün bu uğurlar Sizin sayənizdə, Sizin düzgün siyasətinizin sayəsində əldə olundu. Bütün zəfərlərinizdən sonra xalqımızı səmimi hisslərinizlə təbrik etdiniz. Uzaqgörən, güclü siyasətinizə görə də Sizi ayrıca təbrik edirəm.
Siz Azərbaycanımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasi kursunu, ideyalarını və prinsiplərini layiqincə yerinə yetirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz.
Bir daha Sizi öz adımdan və "Azərbaycan Mübarizləri" Partiyası adından səmimi qəlbdən təbrik edir, Sizə uğurlar arzu edirəm, həyatınızda əmin-amanlıq və firavanlıq diləyirəm. Bütün uğurlar daim Sizin olsun, doğum gününüz mübarək olsun!
Hörmətlə,
Səadət Müslümova
"Azərbaycan Mübarizləri" Partiyasının sədr əvəzi.