Ədalət Turandan, İstanbul, Türkiyə
17 dekabr 2021, 17:15
Cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız dünyada yaşayan bütün azərbaycanlılar kimi bizi də çox qürurlandırdı. 2006-cı ildə qurulmuş və Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən 18 qeyri-hökumət təşkilatını özündə birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, eləcə də Türkiyədə yaşayan və çalışan soydaşlarımız adından Zati-alinizi bu ali mükafatla təltif olunmağınız münasibətilə təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayırıq.
Otuz ildir erməni tapdağı altında olan doğma torpaqlarımızı düşməndən, qəlbimizi isə illərdir sağalmaz yara kimi gəzdirdiyimiz yurd nisgillindən dəmir iradəniz və hərbi-siyasi uzaqgörənliyiniz sayəsində azad etdiyiniz üçün hər bir azərbaycanlı Sizə sonsuz minnətdardır. Cəmi 44 gün ərzində Sizin ali rəhbərliyiniz və sərkərdəliyiniz altında şanlı ordumuzun 30 illik işğala son qoyması xaricdə yaşayan azərbaycanlıların köksünü dağa döndərmiş, yaşadıqları ölkələrin ictimai-siyasi, sosial-psixoloji mühitində özünəinam və fəxarət hissini daha da möhkəmləndirmişdir. Fəxr edir və qürur duyuruq ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər bütün qardaş xalqların ilham mənbəyinə çevrilmiş, onlarda milli güvən və qürur hissi yaratmışdır. Qardaş Türkiyə və Azərbaycanın milli iradə ortaya qoymaq cəsarəti isə hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində qibtə yaradan bir nümunədir. Bu, eyni zamanda, Türk Dövlətləri Təşkilatını yeni cəlbedici formata çevirir. Sizə təqdim edilən Ali Ordeni Azərbaycan xalqının adından qəbul etməniz və bu ordenin məhz xalqımıza verildiyini deməyiniz Liderin öz xalqı ilə vəhdətinin təcəssümü idi.
Cənab Prezident, Türkiyədə yaşayan azərbaycanlılar adından bəyan etmək istəyirik ki, ölkə diasporunun bir parçası olaraq doğma Vətənimizi burada layiqincə təmsil etmək, qardaş respublikanın ictimai həyatına daha dərindən inteqrasiya etmək, yenidən, daha məqsədyönlü formada təşkilatlanmaq, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermək, Sizin qarşımıza qoyduğunuz vəzifə və məramları dəqiqliklə həyata keçirmək üçün bütün qüvvəmizlə çalışacağıq. Böyük bir tarixi missiyanı həyata keçirmək üçün çıxdığınız bu çətin, amma şərəfli yolda Sizin rəhbərliyinizlə bərabər addımlamaqdan qürur duyuruq.
Tanrı Sizi hifz etsin.
Dərin hörmət və ehtiram hissi ilə,
Ədalət Turan
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədri
Türkiyə Respublikası, İstanbul şəhəri.