İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib
17 dekabr 2021, 11:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olundu. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlandı.
Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.
Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunuldu, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olundu.
Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.