Rəfiqə Nəcəfovadan, Bakı, Azərbaycan
13 dekabr 2021, 10:00
Cənab Prezident.
Bütün xalqımız sevinir. Siz Laçın dağlarının vüqarını özünə qaytardınız. Siz gülün-çiçəyin ətrini, Həkərinin nəğməsini özünə qaytardınız. Ulu Öndər dediyi kimi, biz o dağlarsız yaşaya bilməzdik...
Ali Baş Komandan kimi Sizə, Müzəffər Ordumuza, qəhrəman xalqımıza bütün laçınlılar təşəkkür edir. Siz milyonlarla insanın arzusunu gerçəkləşdirdiniz. Sizin qazandığınız Qələbə adi qələbə deyil. Dünyanın hərb tarixində elə bir yenilik etmisiniz, elə bir parlaq qələbə qazanmısınız, xalqımızın əsrlərdir davam edən qisasını elə mərdliklə almısınız ki, nə qədər təşəkkür etsək yenə azdır. Mən belə deyərdim: Müzəffər Ali Baş Komandan, Siz xalqımızın ürəyindən tikan çıxartdınız. Namərd düşmənə yerini göstərdiniz. Bu, erməni kimi başqasına quyu qazan, yaltaq, yalançı, dilənçi, özgə torpağına göz dikən, qorxaq, özündən güclünü görəndə diz çöküb yalvaranlara yerini göstərib cəzalandıranda deyilən ifadədir. Çox sağ olun. Siz qisası elə aldınız ki, ürəyimizdən tikan çıxdı. Elə bil 30 il cavanlaşdıq. Bu qisas tək ermənini yerində oturtmaq olmadı. Siz mərdliyimizi, vətənpərvərliyimizi, türklüyümüzü, xalq-dövlət birliyimizi dünyaya göstərdiniz.
Cənab Prezident, Siz azad etdiyiniz torpaqları bərpa etməyə başladınız. İşlər elə həvəslə, sürətlə gedir ki, az vaxtda bütün rayonların əvvəlkindən də yaxşı bərpa olunmasına, o yerlərdə Siz deyən kimi əbədi yaşayacağımıza hər kəs inanır və sevinir. Hava limanının tikilməsi, rayonların bərpası üçün çəkilən yollar, minaların təmizlənməsi, ağıllı kənd və şəhərlərin salınması ölkəmizin, Prezidentimizin nələrə qadir olduğundan xəbər verir, dostda sevinc, düşməndə qorxu yaradır.
Qalib ordumuz keçən il Azadlıq meydanından keçəndə mən çox sevindim. Bu sevinc adi sevinc deyildi. Elə bilirdim ki, meydandan keçən qalib əsgərlərin anasıyam. Sizin çıxışınız, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaş kimi yanınızda olması, xan Arazla, Laçınla bağlı şeir deməsi məni duyğulandırdı. Həmin gün Sizə də, cənab Ərdoğana da həm məktub, həm şeir yazdım. Ordumuza fəxarət dolu, ermənilərə nifrət dolu şeirlər də yazdım. Mən Sizi siyasi döyüşdə Ulu Öndər kimi, səngər döyüşündə Babək kimi, söz döyüşündə Xətai kimi qalib görürəm.
Cənab Prezident, həmişə qalib olun. Həmişə xalqla birlikdə olun.
Sizə həsr etdiyim şeiri təqdim edirəm.
Cənab Komandan
Dünyanın tarixin bilənlər bilir.
Ağır döyüşlər, dönəmlər olub...
Həqiqəti görə bilənlər bilir,
Ən möhtəşəm döyüş Şuşada olub!
Oğlunu Vətənə qurban böyüdən
Bütün analara oğulsuz bu gün!
Vətənçün ürəklə canından keçən
Hər igid əsgərə atasız bu gün!
Siyasi döyüşdə Ulu Öndərtək
Döyüşdüz, adına layiq oldunuz
Səngər döyüşündə igid Babək tək
Namərd düşmənlərə Siz toy tutdunuz
Söz döyüşündə Xətai kimi
Həmişə qalibsiz, cənab Komandan
Dediyiniz hər söz bir kəlam kimi
Dolaşır dünyanı, cənab Komandan
Otuz il dilənib silah yığdılar.
Sizi tanımadan, cənab Komandan
Qarabağ bizimdi desə də onlar,
Son söz Sizin oldu, cənab Komandan
Onların arzusu nöqtəylə bitdi.
Arzuya nidayla cavab verdiniz.
Beton səngərlər dözə bilmədi...
Siz vuran yumruğa, cənab Komandan
Gücünü Vətəndən, torpaqdan alan
Xalqının adına layiq oğulsuz
Düşmənin arzusun gözündə qoyan,
Dünyanı heyrətə salan oğulsuz!
Xalqın ürəyindən tikan çıxaran
Siz türk elimizə layiq oğulsuz
Qalib sərkərdəsiz, cənab Komandan
Qalib sərkərdəsiz, cənab Komandan.
Hörmətlə,
Rəfiqə Nəcəfova
Laçın rayon 35 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.