İlham Əliyev Çilinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 noyabr 2021, 11:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib.
Səfir Rodriqo Arkos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Çilinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahələrində əlaqələrin qurulmasının önəmini vurğulayaraq biznes dairələri arasında əməkdaşlığın yaradılmasının vacibliyini bildirdi, bu baxımdan ölkələrimiz barədə məlumatların insanlara çatdırılmasının önəmini qeyd etdi.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı Çilinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın bundan sonra da sədr kimi Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına və Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi ilə bağlı təbriklərini çatdırdı. Səfir Rodriqo Arkos Azərbaycanla Sakit Okean Alyansında müşahidəçi statusunda münasibətlərə xüsusi əhəmiyyət verdiklərini bildirdi, post-COVID dövründə ölkələrimiz arasında daha sıx əlaqələrin qurulacağına əminliyini ifadə etdi.