Qənbər Qurbanov və Diləfruz Mamedovadan, Bakı, Azərbaycan
13 noyabr 2021, 15:12
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin sayənizdə çoxəsrlik tarix boyu ilk dəfə düşmənə diz çökdürən və Azərbaycan xalqına başucalığı gətirən şanlı qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, tarixi ədalətin bərpası, xalqımızın şanlı qələbəsi idi. Bu Qələbənin memarı Siz və Sizin ətrafınızda “dəmir yumruq” kimi birləşən müzəffər Azərbaycan xalqıdır. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan öz tarixinin ən şərəfli, qürurlu günlərini yaşayır. Son 200 ildə Azərbaycan, ilk dəfə, itirilmiş torpaqlarını bərpa etdi. Bunu yalnız Siz edə bilərdiniz. Bunlar bizim üçün, bütün Azərbaycan xalqı üçün böyük şərəf və qürurdur. Siz Azərbaycan xalqının mərd, yağı düşmən qarşısında əyilməz xalq olduğunu bütün dünyaya bəyan etdiniz. Bir daha sübut etdiniz ki, bu xalq ləyaqətli xalqdır, bu xalq qürurlu xalqdır, bu xalq döyüşməyi bacaran xalqdır, bu xalq torpağı uğrunda lazım gəldikdə şəhid olmağa hazır xalqdır. Siz bütün dünyaya uca səslə bəyan etdiniz ki, bu xalq tarixdə əbədi qalacaq. Bu gün Sizin sayənizdə insanlarımızın gözlərindən yalnız və yalnız sevinc, qələbə, zəfər göz yaşları axır, sevinc-sevincə qarışır, hamı qalib xalqın, qalib Vətənin övladları kimi, alnı açıq, başı dik gəzir, möhtəşəm qələbəni, zəfəri qeyd edir.
Möhtərəm cənab Prezident, məhz Sizin siyasi iradəniz və sərkərdəlik məharətiniz sayəsində qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə Siz hər bir azərbaycanlının qəlbində əbədi ucaldınız və bir daha alternativsiz Lider olduğunuzu təsdiqlədiniz. Siz sözün əsl mənasında, savaşıb və yüz ildən artıq dünyanı gəzib-dolaşan erməni yalanlarını, onların çoxsaylı himayədarlarının təxribat kampaniyalarını darmadağın etdiniz. Bu baxımdan, Siz təkcə müasir Azərbaycan Respublikasının deyil, Azərbaycan adının mövcud olduğu bütün dövrlərin, dünya azərbaycanlılarının və bütün türk dünyasının qəhrəmanısınız.
Ulu Öndərimiz Azərbaycan dövlətini və xalqını məhv olmaqdan xilas etməklə yanaşı, həm də Azərbaycanın gələcək xilaskarını - itirilmiş torpaqların xilaskarını, ərazi bütövlüyünü bərpa edəcək Böyük Sərkərdəni xalq üçün yetişdirdi. Bir oğul kimi Siz Ata vəsiyyətini, Azərbaycan xalqına verdiyiniz vədi şərəflə yerinə yetirdiniz.
Möhtərəm Prezident, mən və Diləfruz ana böyük Qələbəmiz münasibətilə Sizi və Mehriban xanımı öz adımızdan və Aşıq Şəmşir nəslinin bütün nümayəndələri adından bir daha təbrik edirik, Sizə və ailənizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, qələbələr arzu edərək yaşımızın bu ahıl çağlarında üzümüzü Uca Allaha tutaraq deyirik: Azərbaycanımızı işıqlı gələcəyə, bəxtiyarlı günlərə apardığınız bu şərəfli yolda Uca Allah Sizi, Mehriban xanım Əliyevanı və Azərbaycanımızı qorusun.
Tutduğunuz bu haqq yolunda Uca Rəbbimdən Sizə və ailənizə cansağlığı və xoş günlər diləyirik.
Biz Sizinlə fəxr edir və qurur duyuruq. Yaxşı ki, Sizin kimi rəhbərimiz var. Uca Allahdan Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.
Dərin hörmət və ehtiramla,
Qənbər Qurbanov - Azərbaycan Yazıçılar Birliyi və Ağsaqqallar Şurasının üzvü, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, “Şərəf Nişanı” ordeni, “Əmək veteranı” və “Tərəqqi” medalları ilə təltif edilmiş 88 yaşlı Kəlbəcər sakini
Diləfruz Mamedova - 83 yaşlı Kəlbəcər sakini
Azərbaycan Respublikası, Bakı şəhəri.