İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupuna məxsus “Green Tech” Məhdud Məsuliyyətli Cəmiyyətin müasir istixana kompleksi ilə tanış olmuşdur
13 iyul 2012, 19:50
Prezident İlham Əliyev Bakının Binə qəsəbəsində yerləşən “Azərsun Holdinq” Şirkətlər Qrupuna məxsus “Green Tech” Məhdud Məsuliyyətli Cəmiyyətin müasir istixana kompleksi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin təsdiq etdiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində paytaxtın müxtəlif qəsəbələrində ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, qəsəbə və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə təsərrüfat sahələrindən biri də Bakının Binə qəsəbəsində “Azərsun Holdinq” Şirkətlər Qrupuna məxsus “Green Tech” Məhdud Məsuliyyətli Cəmiyyətin müasir istixana kompleksidir.
Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq” müəssisələrinin açılışında iştiraklarını əks etdirən fotoguşə ilə tanış oldu.
Sonra Prezident İlham Əliyev kompleksin ayrı-ayrı sahələrini gəzdi. Dövlət başçısı avtomatik suvarma sistemləri sahəsinə baxdı. Müasir istixana kompleksi barədə Prezident İlham Əliyevə ətraflı məlumat verildi. Bildirildi ki, “Green Tech” MMC-nin Azərbaycanda həyata keçirdiyi bu layihənin əsas məqsədi ən son Qərb texnologiyasını tətbiq etməklə aqrar sahəni daha da inkişaf etdirmək, kənd təsərrüfatında yeni iş yerləri açmaq və əhalini ekoloji cəhətdən sağlam tərəvəz məhsulları ilə təmin etməkdir. İstixana kompleksinin 80 hektar ərazisi vardır. Layihənin reallaşdırılması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu “Green Tech” MMC-yə 5 milyon manat güzəştli kredit ayırmışdır. Müəssisədə inşaat işləri və yeni investisiya layihələrinin reallaşdırılması davam etdirilir. Layihəyə ümumilikdə 16 milyon manat investisiya qoyuluşu nəzərdə tutulmuşdur. İstixananın inşasında bu sahədə ən son dünya təcrübəsinə əsaslanan inşaat materiallarından, müasir avadanlıqdan, cihaz və qurğulardan istifadə edilmişdir.
Dövlət başçısı tərəvəzlərin yetişdirildiyi sahə ilə tanış oldu. Qeyd edildi ki, buradakı əkin texnologiyasında ən son holland üsulu tətbiq edilmişdir. İstixana kompleksi dünyanın qabaqcıl şirkətlərinin texnologiyası əsasında qurulmuş, iqlim nəzarət sistemləri, istilik-mühafizə pərdələri, qazanxana avadanlıqları, isitmə və suvarma sistemləri ilə tam təchiz edilmişdir.
Müəssisədə 151 nəfər işlə təmin edilmişdir. Layihə tam başa çatdıqdan sonra işçilərin sayını 300 nəfərə çatdırmaq nəzərdə tutulmuşdur. Müəssisənin yaradılması həm də Binə qəsəbəsi sakinlərinin işlə təmin olunması baxımından əhəmiyyətlidir.
Kompleksin illik istehsal gücü 6 min tondur və bu potensial 10 min tona çatdırılacaqdır. İstixana kompleksində məhsulların becərilməsində üzvi gübrədən istifadə edilir. Burada tərəvəz şitillərinin tozlanması xüsusi arı ailələri vasitəsilə aparılır ki, bu da məhsuldarlığın təbii yolla artırılmasına səbəb olur. Tərəvəz məhsullarının yetişdirilməsində müasir texnologiyanın tətbiq olunması yüksək məhsuldarlığa və istehlakçıların ilboyu ekoloji təmiz məhsulla təmin edilməsinə şərait yaradacaqdır.
Dövlət başçısı istehsal olunan məhsulların dadına baxdı.
Tərəvəzlərin yetişdirildiyi sahə ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
İstixana kompleksində çalışanlar Binə qəsəbəsində belə bir müasir müəssisənin yaradılmasına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirdilər.
Prezident İlham Əliyev kompleksin qablaşdırma sahəsi ilə də tanış oldu.
Müəssisənin istehsal etdiyi tərəvəz məhsullarının daxili tələbatla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.
Azərbaycanda ən müasir tələblərə cavab verən istixana kompleksinin yaradılması qeyri-neft sektorunun inkişafının daha bir nümunəsi olmaqla yanaşı, həm də ölkəmizin ixrac potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlə başçısı müasir istixana kompleksi ilə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verdi.