İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər
08 noyabr 2021, 13:30
Bu gün ölkəmizin hər yerində qələbə ruhu hakimdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın düşmən tapdağından azad edilməsi tarixi Qələbəmizin simvoludur. İşğaldan azad olunmuş ərazilərdə son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir, ermənilərin ekoloji sistemə vurduqları ziyan aradan qaldırılır.
Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər.
İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirildi.
Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. Bu gün qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkildi, əraziyə 100 kiloqram palıd toxumu səpildi.