Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevdən
08 noyabr 2021, 12:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Milli bayramınız - 8 Noyabr - Zəfər Günü münasibətilə Türk Şurası adından və şəxsən öz adımdan Azərbaycan xalqını, Ordusunu və Müzəffər Ali Baş Komandan kimi Zati-alinizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu şanlı Zəfər təkcə qardaş Azərbaycanda deyil, ümumiyyətlə bütün türk dünyasında milli kimliyin və həmrəyliyin güclənməsinə səbəb olmaqla əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni üfüqlər açmışdır.
Eyni zamanda, Zati-alinizin Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazi bütövlüyünün bərpası ilə yaratdığı yeni siyasi reallıq və şərait regionumuzda sabitlik, hərtərəfli əməkdaşlıq və davamlı inkişafa təkan verəcəkdir.
Xüsusilə vurğulamaq istərdim ki, bu ilin 31 mart tarixində Türküstan Zirvə görüşündə üzv dövlətlərimiz bir daha yekdilliklə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini təqdirlə qarşılayaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəy olduqlarını ifadə etmişlər.
Zati-alinizin liderliyi və qətiyyəti sayəsində türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin üzv dövlətlərimiz başda olmaqla bütün region ölkələrinin iqtisadiyyatının inkişafına, sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğumu bir daha bildirmək istərdim.
Şəhid olmuş qəhrəman Azərbaycan əsgərlərini dərin hörmətlə yad edərək Zati-alinizi Zəfər bayramı münasibətilə bir daha təbrik edir, bütün Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram.
Dərin hörmət və ehtiramla,
Bağdad Amreyev
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi-0-