İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
05 noyabr 2021, 11:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qarşıdakı Zirvə görüşünə toxunularaq bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi bildirildi və 2019-cu ildə Azərbaycanın sədrliyi ilə bu Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğu vurğulandı.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, ilk növbədə, dövlətimizin başçısını Zəfər Günü münasibətilə təbrik etdi, bu Qələbədən yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının şərəf hissi duyduğunu vurğuladı.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Vətən müharibəsi zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və şəxsən Baş katib Bağdad Amreyevin Azərbaycanın haqq işinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.