İlham Əliyev Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olub
22 oktyabr 2021, 12:35
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
Gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Milli Gimnastika Arenasının ərazisində yerləşən yeni məşq binasında yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Milli Gimnastika Arenasının yeni məşq binasının tikintisi ötən ilin sentyabrında başa çatdırılıb. Burada kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, ümumilikdə gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Binada məşqçi və həkim otaqları, həmçinin gimnastlar üçün istirahət otaqları, fitnes və xoreoqrafiya zalları fəaliyyət göstərir. Burada hovuz da yaradılıb. Yeni binada eyni vaxtda 100 nəfər məşq edə bilər. Binanın ikinci mərtəbəsində idmançıların yaşayışı üçün 60 çarpayılıq 19 otaq vardır. Bir sözlə, Milli Gimnastika Arenasının yeni məşq binasında təlim-məşq toplantıları təşkil etmək, gimnastikanın müxtəlif növləri üzrə təlim keçmək və beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Yeri gəlmişkən, gələn ay burada batut gimnastikası üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə isə gələn il Milli Gimnastika Arenasında bir sıra mötəbər beynəlxalq yarışların təşkili planlaşdırılır.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva gimnastların məşqlərinə baxdılar və xatirə şəkli çəkdirdilər.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın dünyanın nüfuzlu idman ölkəsinə çevrilməsinə, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılmasına, yeni-yeni idman obyektlərinin tikilib istifadəyə verilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmanın bütün növlərinin inkişaf etdirilməsinə həmişə xüsusi diqqət yetirib. Dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə 2014-cü ildə Bakıda istifadəyə verilən Milli Gimnastika Arenası idmanın bu növünün inkişafına geniş imkanlar açıb, gənc nəslin gimnastikaya olan həvəsinin artırılması işində mühüm rol oynayıb.
Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan Gimnastika Federasiyasının əldə etdiyi böyük uğurlar Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün inkişaf mərhələsi başlayıb, gimnastika ilə məşğul olan idmançıların beynəlxalq yarışlarda qazandığı uğurlarının sayı artıb.