Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20 oktyabr 2021, 17:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2021-ci il