Azərbaycanda yaşayan etnik icma və konfessiya rəhbərlərindən, Bakı, Azərbaycan


27 sentyabr 2021, 11:10
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Otuz il erməni işğalı altında olan torpaqlarımız Sizin müdrik rəhbərliyinizlə azad olundu. Vətən müharibəsinin başlanmasından artıq 1 il keçir. Ölkəmizdə etnik, dini, sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlarımız Sizin Ali Baş Komandan kimi həmin gün Azərbaycan xalqına ünvanladığınız tarixi müraciətə qoşulmuş, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda müqəddəs mübarizəyə qalxmış, “Dəmir yumruq” kimi birləşərək əzm, iradə, sarsılmaz birlik və həmrəylik nümayiş etdirmişdir. Bu müharibədə Silahlı Qüvvələrimiz üç minədək şəhid vermişdir. Onların arasında Azərbaycanda yaşayan, Azərbaycanı özünə Vətən bilən müxtəlif xalqların nümayəndələri kifayət qədərdir. Son otuz il ərzində düşmən və onun havadarları Azərbaycanda etnik və dini zəmində dəfələrlə qarşıdurmalar yaratmağa cəhd göstərsələr də, məhz bütün azərbaycanlıların - ölkəmizdə yaşayan bütün xalqların birliyi və həmrəyliyi sayəsində onlar öz çirkin məqsədlərinə nail ola bilməmişlər.
Bu il Azərbaycan xalqı Sizin Sərəncamınızla ilk Anım Gününü qeyd edir. Bu əlamətdar gün həm də vahid Azərbaycan xalqının, özünü azərbaycanlı hesab edən, bu torpağa ürəkdən bağlı olan hər bir kəsin tarixi yaddaşının qorunması baxımından mühüm və önəmli gündür. Anım Günü şəhidlərimizin xatirəsini yad etməklə yanaşı, həm də acı tarixin, xalqımızın başına gətirilən müsibətlərin bir daha təkrar olunmaması, Vətən müharibəsi günlərində daha da möhkəmləndirdiyimiz sarsılmaz birliyin əbədi yaşadılması üçün bariz örnəkdir. Bilirik ki, düşmən hələ də öz məkrli niyyətlərindən, sərsəm iddialarından əl çəkməmişdir. Onun xarici havadarları regionda sülhə, əmin-amanlığa, xalqlar və mədəniyyətlər arasında səmimi əlaqələrin yaranmasına nail olmaq əvəzinə, sabitliyin yenidən pozulmasına cəhdlər edirlər. Buna baxmayaraq, biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müxtəlif platformalarında birgə həyata keçirdiyimiz bir sıra tədbirlərdə düşmənin və ona dəstək verən qüvvələrin təxribat cəhdlərinə qarşı elmi müstəvidə layiqli cavab veririk.
Möhtərəm cənab Prezident, Biz – Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri xatirəsi bizim üçün müqəddəs olan şəhidlərin Anım Gününə toplaşaraq, onları dərin hüznlə, amma həm də qürur hissi ilə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sizi bir daha əmin edirik ki, ölkəmizdə formalaşmış etnik və dini birliyin, həmrəyliyin, tolerant və multikultural mühitin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, Vətənin mənafeyinin, ərazi bütövlüyünün toxunulmazlığının qorunmasında bundan sonra da səy və bacarığımızı əsirgəməyəcəyik. Biz fəxr edirik ki, biz azərbaycanlıyıq!
Hörmətlə,
Azərbaycanda yaşayan etnik icma və konfessiya rəhbərləri:
Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri
Mixail Zabelin - Azərbaycan Rus İcmasının sədri
Elnur Əfəndiyev (Mifodi) - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu
Aleksandr Şarovski - Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri
Robert Mobili - Alban-Udi Xristian Dini İcmasının sədri
Məhəmməd Nooyev - Azərbaycan-Avar İctimai Birliyinin sədri
İmran Rzayev - “Samur” Ləzgi Mərkəzinin sədri
Yuriy Osadçenko - Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri
Elman Əhmədov - “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri
İmamverdi Həmidov - Azərbaycanda talış icmasının ağsaqqalı
Rafiq Abdullayev - “Buduq” Xeyriyyə Cəmiyyətinin sədri
Gülcan Miəsautova - “Tuqan tel” Tatar Mədəniyyət Cəmiyyətinin sədri
Məhəmməd Əhmədov - Kürd icmasının ağsaqqalı
Sevinc Bulacova - Azərbaycanda ingiloy icmasının sədri
İsmayıl Rəhimov - Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri
Rafael Qvaladze - Azərbaycanda yaşayan Gürcü İcmasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.