İlham Əliyev Belçikanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
24 avqust 2021, 11:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.
Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfərləri və bu səfərlər zamanı Belçikalıların Kralı Əlahəzrət Filiplə görüşləri xatırlanaraq, bu görüşlərdə ölkələrimiz arasında əməkdaşlığa dair çox səmərəli müzakirələrin aparıldığı bildirildi.
Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında əlaqələrin genişləndirilməsinin önəminə toxunularaq, əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində praktiki addımların atılmasının vacibliyi qeyd edildi.
Səfir Mişel Pitermansın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.