İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur
26 iyun 2012, 17:20
İstanbuldakı Lütfi Kırdar Beynəlxalq İclas Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammitinin üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirildi. Ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə sürətli inkişafından məmnunluq ifadə edən qardaş dövlətlərin başçıları bu əməkdaşlığın sonrakı inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsinin zəruriliyini vurğuladılar.
Respublikalarımız arasındakı iqtisadi əlaqələrin hazırkı səviyyəsindən razılıq bildirən prezidentlər bu sahənin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırdılar.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.