İlham Əliyev Bakının Badamdar qəsəbəsində Heydər Əliyev parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
22 iyun 2012, 16:05
Prezident İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərlə tanışlıq çərçivəsində Badamdarda olarkən qəsəbə sakinləri buradakı Heydər Əliyev parkının əsaslı şəkildə yenidən qurulması ilə əlaqədar dövlətimizin başçısına müraciət etmişdilər. Prezident İlham Əliyev parkın yenidən qurulması ilə bağlı göstərişlər vermişdi. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq parkda təmir və yenidənqurma işlərinin aparılması məqsədi ilə xüsusi layihə hazırlanmış və yenidənqurma işlərinə başlanmışdır.
Bir hektara yaxın ərazisi olan parkda qısa müddətdə bərpa və yenidənqurma işləri həyata keçirilmiş və burada müasir istirahət kompleksi yaradılmışdır. Parkda 7 min kvadratmetrə yaxın sahəyə daş döşənmiş, işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulmuşdur. Bu istirahət kompleksində geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək kolları əkilmiş, 4 min kvadratmetr əraziyə yaşıl ot örtüyü salınmışdır. Parkın mərkəzində Azərbaycanın xəritəsi önündə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılmışdır. Burada gecə işıqlandırma sistemi ilə təchiz olunmuş müasir fəvvarə kompleksi quraşdırılmışdır. Parkda uşaqların əyləncəsi üçün xüsusi guşə, kütləvi tədbirlərin keçirilməsi və əhalinin istirahətinin təşkili ilə əlaqədar bütün lazımi şərait yaradılmışdır.
Həyata keçirilən yenidənqurma işləri çərçivəsində parkın ətraf əraziləri abadlaşdırılmış, küçələrə yeni asfalt örtük döşənmişdir.
Parkda yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.