Mehdi Mehdiyevdən, Bakı, Azərbaycan
30 iyun 2021, 15:21
Möhtərəm cənab Prezident!
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 77 min nəfərlik üzvü adından Sizi səmimi qəlbdən salamlayır, Sizə möhkəm cansağlığı, uzun ömür və vətənimiz Azərbaycanın çiçəklənməsi, qüdrətinin daha da artırılması və Qafqaz regionunda sülhün bərpa olması istiqamətində fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz və biz hər birimiz Sizin rəhbərliyinizlə Vətənə, xalqa, dövlətə ləyaqətlə xidmət etməkdən böyük qürur duyuruq. Ulu Öndərimiz hakimiyyətə gəldiyi ilk günlərdən Silahlı Qüvvələrin inkişaf təməlini qoymuşdur. Sizin Silahlı Qüvvələrin inkişafını davam etdirməyiniz nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilərək öz ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan xalqı və türk dünyası böyük sevinc içərisindədir. Siz həm siyasi müstəvidə, həm də döyüş meydanında qalib gəlmək üçün güc və qabiliyyətinizdən istifadə edib, Azərbaycan dövlətini və xalqını işğal zülmündən azad edib, Silahlı Qüvvələrimizin köməyi ilə Azərbaycan xalqını dünyada zəfər çalan xalq kimi tanıtdınız. Sizin uzaqgörən siyasətiniz nəticəsində 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Milli Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.
Möhtərəm cənab Prezident, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan, Sizin də yeni müstəvidə davam etdirdiyiniz sosial siyasət, imzaladığınız fərman və sərəncamlar şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sevincinə və onların sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşmasına səbəb olur. Bu xeyirxah işlərinizə görə hər zaman Sizə minnətdarıq. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxminli üzvləri Sizə bir daha sarsılmaz inamımızı və birmənalı dəstəyimizi ifadə edir və tarixi torpaqlarımızı düşməndən azad etdiyinizə görə öz minnətdarlığımızı bildiririk. Biz ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqik və Sizin əmrlərinizə müntəzir, əqidəsindən dönməyən əsgərlərinizik.
Yaşasın rəşadətli Ordumuz!
Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!
Səmimi hörmət və ehtiramla,
Mehdiyev Mehdi,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.