Vaqif Seyidovdan, Yevlax, Azərbaycan
21 iyun 2021, 10:00
Möhtərəm cənab Prezident,
Biz 28 il idi ki, Vətən həsrəti ilə yaşayırdıq. Sizin dəmir yumruğunuz sayəsində torpaqlarımız mənfur düşmənin işğalından azad edildi. Siz bizim həsrətimizə son qoydunuz, ən böyük arzumuzu reallaşdırdınız. Sevincimizin həddi-hüdudu yoxdur. Biz artıq köçkün deyilik. İndi mən və ailəm dədə-baba yurdumuz olan Ağdamda həyata keçirilən bərpa işlərinin başa çatmasını və qayıdıb orada yaşayacağımız günləri səbirsizliklə gözləyirik.
Cənab Prezident, biz hər zaman inanmışıq ki, Siz tarixi torpaqlarımızı işğaldan azad edəcəksiniz, elə də oldu. Sizin mahir sərkərdəlik qabiliyyətiniz, güclü diplomatik gedişləriniz qarşısında düşmən tab gətirə bilmədi və məğlub oldu. Vətən müharibəsində qazandığımız böyük Qələbə ilə bütün dünyaya göstərdiniz ki, Azərbaycanın necə güclü, müdrik, qətiyyətli lideri var.
Əziz Prezident, doğma yurdu düşmən tapdağından azad edilmiş bir sakin kimi Sizə ailəm adından minnətdarlıq etməyi özümə borc bilirəm. Hər zaman Sizi dəstəkləyəcəyik. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Seyidov Vaqif Barat oğlu,
Yevlax rayonunda məskunlaşmış Ağdam rayon sakini.
Azərbaycan Respublikası, Yevlax rayonu, Malbinəsi kəndi.