Qırğızıstandakı “Azərbaycanın dostları klubu”nun prezidenti, hüquq elmləri doktoru, professor Kayrat Osmonaliyevdən
01 iyun 2021, 14:02
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Qırğızıstandakı “Azərbaycanın dostları klubu”nun üzvləri adından Sizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edirəm.
1918-ci ildə Azərbaycan xalqı və onun ən yaxşı nümayəndələri müsəlman Şərqində ilk demokratik dövlət yaradılmasını elan etdilər, 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik əldə etməsi isə bu dövlətçilik ənənəsinin bərpası və onun inkişafında yeni tarixi mərhələ oldu.
Biz şadıq ki, bu gün Azərbaycan beynəlxalq nüfuzu durmadan artan, dinamik inkişaf edən müasir dövlətdir.
Keçən il Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünün bərpası, Qarabağın işğaldan azad edilməsi sahəsində qazandığı uğurlar sübut edir ki, bizə qardaş ölkənin öz müstəqilliyini qorumaq üçün bütün zəruri imkanları, o cümlədən güclü ordusu, sağlam iqtisadiyyatı, nüfuzlu və müdrik lideri, ən başlıcası bütün xalqın birliyi və həmrəyliyi var.
Qırğızlar və azərbaycanlılar ortaq köklərə, tarixən ortaq dilə və mədəniyyətə malik olan iki qardaş türk xalqıdır.
Bizim hədəflərimiz eynidir – ölkələrimizin əmin-amanlığı və firavanlığı, onların təhlükəsiz və davamlı inkişafı, həm ikitərəfli səviyyədə, həm də türk dünyasında inteqrasiya prosesləri kontekstində dostluğun, həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsi.
Qoy bizim böyük əcdadlarımız Manas atanın və Dədə Qorqudun ruhları bu nəcib işdə xalqlarımıza dəstək olsun.
Hörmətlə,
Kayrat Osmonaliyev
Qırğızıstandakı “Azərbaycanın dostları klubu”nun prezidenti,
hüquq elmləri doktoru, professor