Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan
27 may 2021, 15:49
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May, eyni zamanda, türk dünyası tarixi salnamələrinə əbədi yazılmışdır. Fəxr edirik ki, Azərbaycan bütün dünyanın diqqətlə izlədiyi mədəni və multikultural məkanlardan birinə, eyni zamanda, davamlı inkişaf edən sülh və sabitlik mərkəzinə çevrilmişdir.
Qürurverici haldır ki, bu il Respublika Günü Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda şanlı Qələbə çalmış ölkənin bayramı kimi qeyd olunur. Siz 44 gün davam edən və işğal altındakı ərazilərin qaytarılması ilə nəticələnən Vətən müharibəsində yenilməz iradənizlə, cəsarətli çıxışlarınızla çətinliklərə sinə gərərək, Azərbaycanın haqlı mövqeyini və qüdrətini bütün dünyaya nümayiş etdirdiniz. Siz tarixi ədaləti bərpa edərək yüksək liderlik keyfiyyətlərinizlə türk dünyasının qəhrəmanı adını qazanmısınız.
Cənab Prezident, əminəm ki, şəxsən Sizin təşəbbüsünüzlə yaradılan, türkdilli xalqların maddi-mədəni irsinin mühafizəsi, təbliği yönündə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv dövləti olan Azərbaycan Respublikası arasındakı yaxın əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da uğurla davam edəcək. Şübhə etmirəm ki, Fond tərəfindən təşkil edilən tədbir və layihələr tezliklə mədəniyyət paytaxtı Şuşamızda və Azərbaycanın azad olunmuş digər əzəli torpaqlarında həyata keçiriləcək.
Sizə möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə işlərinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.
Dərin hörmətlə,
Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti