28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda İlham Əliyevin nitqi
25 may 2012, 19:20
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu. İslam dünyası üçün də tarixi hadisə idi, ona görə ki, ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranırdı.
Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində İstiqlal bəyannaməsini imzalayan şəxslərin şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Əfsuslar olsun ki, müstəqilliyimiz çox qısamüddətli oldu. İki ildən sonra Azərbaycan Demokratik Respublikası süqut etdi.
Ancaq bu iki il ərzində böyük işlər görüldü. Dövlət atributları qəbul edildi. Dövlət bayrağımız təsdiq edildi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan Azərbaycan dövlət himni qəbul olundu. Digər istiqamətlərdə müsbət işlər görülmüşdür. Dövlət strukturları yaradılmışdır. Bir sözlə, ölkəyə xas olan bütün atributlar mövcud idi.
Ancaq əfsuslar olsun ki, müəyyən obyektiv və subyektiv səbəblər üzündən müstəqillik uzunmüddətli olmadı və bu iki il ərzində, eyni zamanda, xalqımız üçün çox ağır hadisə baş vermişdir. Azərbaycanın qədim torpağı olan İrəvan Ermənistana verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra biz 70 il Sovet İttifaqının tərkibində yaşamışıq. Bu tarixin də həm müsbət, həm mənfi tərəfləri vardır. Əlbəttə, Azərbaycan müstəqilliyini itirmişdi. Biz azad deyildik, azadlıqdan məhrum edilmişdik. Biz məhdud ideoloji çərçivələr içində yaşamışdıq və Azərbaycan xalqı öz taleyinin sahibi deyildi. Ancaq bununla bərabər, müsbət məqamlar da kifayət qədər çox olmuşdur. İlk növbədə, Azərbaycanda savadsızlıqla mübarizə müsbət nəticə verdi. Savadsızlıq kimi böyük bəla aradan qaldırıldı. Elmin inkişafına təkan verildi. Azərbaycanda Milli Elmlər Akademiyası yaradılmışdır və bu gün bizim elmi elitamız sovet dövründə yetişmiş insanlardır.
Xüsusilə 70-80-ci illərin əvvəllərində Azərbaycanda sənaye istehsalının inkişafında çox böyük işlər görülmüşdür. Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Azərbaycanın çox böyük rolu, töhfəsi olmuşdur. 600 mindən çox Azərbaycan vətəndaşı müharibədə iştirak etmişdir. Onlardan yarısı həlak olmuşdur. Azərbaycan neftçiləri ümumi Qələbəmizə əvəzedilməz töhfələr vermişlər. Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri şübhə altına düşə bilərdi.
Bir sözlə, sovet dövründə həm müsbət, həm mənfi məqamlar kifayət qədər çox idi. Ancaq bu dövrün də öz inkişaf mərhələləri var idi. Mən xüsusilə 70-ci illəri qeyd etmək istəyirəm. Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra respublikada köklü dəyişikliklər baş vermişdir. O vaxta qədər biz geridə qalmış respublika idik. Amma ondan sonra inkişaf başladı. Bu inkişaf nəticəsində böyük sənaye potensialı yaradılmışdır ki, bu gün də müstəqil Azərbaycana xidmət edir.
Səksəninci illərin sonlarından ölkəmizə qarşı, Azərbaycana qarşı etnik təmizləmə siyasəti başlamışdır. Azərbaycan çox böyük problemlərlə üzləşmişdir. Əlbəttə ki, mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm və bu gün də demək istəyirəm, əgər Heydər Əliyev o vaxt xalqımız üçün həlledici məqamlarda Azərbaycanda olsaydı, bir qarış torpaq işğal altına düşməzdi.
Əfsuslar olsun ki, o illərdə hakimiyyətdəki insanlar vəzifə borcunu ləyaqətlə yerinə yetirə bilməmişlər və beləliklə, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan böyük çətinliklərlə üzləşmişdir. Bizə qarşı elan edilməmiş müharibə başlamışdır.
Torpaqlarımız işğal olunmağa başlamışdır. Müstəqilliyimizin ilk illərində, xüsusilə 1992-1993-cü illərdə Şuşa, Laçın və Kəlbəcərin işğalı nəticəsində Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı, əlaqə yaranmışdır ki, bu, ondan sonrakı müharibə dövrünə də çox mənfi təsir göstərmişdir.
Bir sözlə, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi, müstəqil inkişafımız əslində şübhə altında idi. Əgər xalqın iradəsi ilə 1993-cü ildə Heydər Əliyev yenidən artıq müstəqil Azərbaycanın Prezidenti kimi hakimiyyətə gəlməsəydi, ölkəmizin gələcək taleyi çox böyük fəlakətlərlə üzləşə bilərdi. 1993-cü ildə bütün xoşagəlməz halların qarşısı alındı, ölkədə sabitlik yarandı, inkişaf başlandı. Dövlətçiliyimizin əsasları qoyuldu və ölkəmizin ümumi inkişaf strategiyası müəyyən edildi. Bu strategiya həm xarici, həm də daxili siyasəti əhatə edirdi. Azərbaycanı müasir, demokratik ölkə kimi görmək ulu öndərin arzusu idi. Onun fəaliyyəti, səyləri nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, inkişafda olan, inkişaf edən müasir, dünyəvi, demokratik ölkədir.
1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları qoyulmuş və möhkəmlənmişdir. O illərdə iqtisadi islahatlar başlamışdır, demokratiya inkişaf etmişdir. Mən Heydər Əliyevin neft strategiyasını xüsusilə qeyd etmək istəyirəm. Əgər o vaxt bu cəsarətli və uzaqgörən addımlar atılmasaydı, bizim bugünkü iqtisadi və siyasi inkişafımız tam başqa istiqamətdə gedə bilərdi. O çətin, ağır şəraitdə, hələ ki, müharibənin dayandırılmasının ilk aylarında atılmış cəsarətli və müdrik addım Azərbaycanın bugünkü uğurlu inkişafını şərtləndirir. Heydər Əliyevin neft strategiyası haqqında kifayət qədər elmi əsərlər, məqalələr, kitablar dərc edilmişdir. Mən bu işin içində olan insan kimi deyə bilərəm ki, doğrudan, bu, müstəqil Azərbaycan üçün həlledici addımlar idi.
O illərdə Azərbaycan böyük beynəlxalq təşkilatların üzvü olmuşdur. Dünya birliyinə inteqrasiyamız başlamışdır. Biz Azərbaycana böyük həcmdə investisiyaların gətirilməsinə nail ola bilmişik. Bir sözlə, dövlətçiliyimizin möhkəm siyasi, iqtisadi və ideoloji əsasları qoyulmuşdur.
İdeoloji əsaslara gəldikdə, Heydər Əliyev siyasətinin mərkəzində azərbaycançılıq məfkurəsi dayanmışdır. Bu gün də bu ideologiya, bu fəlsəfə bizim əsas ideoloji dayağımızdır. Eyni zamanda, “Müstəqil Azərbaycanın müstəqil siyasəti olmalıdır” şüarı o vaxt da aktual idi, bu gün də aktualdır.
Dünya dəyişir. Dünyada cərəyan edən proseslər müxtəlif istiqamətdə inkişaf edir. Ancaq təbiətin ümumi qanunları dəyişmir.
Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır. Bir sözlə, 1993-2003-cü illərdə ölkəmiz böyük, uğurlu yol keçmişdir. Biz ulu öndərin xatirəsinə həmişə böyük hörmətlə yanaşırıq. Onun siyasi xəttinə sadiqik. Onun qoyduğu yolla gedirik. Deyə bilərəm ki, müstəqilliyə gedən yol yenə də Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovet İttifaqı dövründə ilk dəfə olaraq Naxçıvanda bizim milli üçrəngli bayrağımız dövlət bayrağı elan edildi. Sovet İttifaqının saxlanmasına yönəlmiş referendum Naxçıvanda keçirilmədi və beləliklə, müstəqilliyə aparan ilk ciddi addımlar atıldı.
Biz 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd etmişik. Bu yubileyi böyük uğurlarla qeyd etmişik. İyirmi il tarix üçün böyük dövr deyildir, tarix üçün bir andır. Ancaq bu 20 il ərzində ölkəmiz çox uğurla inkişaf etmişdir.
Heydər Əliyev siyasəti davam etdirilir. Siyasi islahatlar davam etdirilir. Bölgədəki mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr, həm bizim üçün, həm bu layihələrdə bizimlə bərabər iştirak edən ölkələr üçün böyük səmərə verir. Biz demokratiyanın inkişafına çox böyük əhəmiyyət veririk. Hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Çox ciddi siyasi islahatlar aparılır. Dünyanın bu sahədə böyük təcrübəyə malik olan ölkələrinin müsbət təcrübəsi öyrənilir və Azərbaycanda tətbiq edilir. Bir sözlə, bizim ictimai-siyasi sahədəki fəaliyyətimiz çox müsbətdir, çox uğurludur.
Ölkədə sabit ictimai-siyasi vəziyyət mövcuddur. Xalqla iqtidar arasında vəhdət vardır. Ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz bundan sonra da yalnız və yalnız müstəqilliyimizi gücləndirəcəyik, azərbaycançılıq fəlsəfəsini rəhbər tutacağıq, iqtisadi islahatları davam etdirəcəyik və güclü dövlət yaradacağıq. Bu istiqamətdə artıq böyük addımlar atılmışdır.
Ölkə qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir nəticə yoxdur. Ermənistan uzun illərdir ki, beynəlxalq hüququ kobudcasına tapdalayır, beynəlxalq hüquq normalarına riayət etmir. Dünyanın mötəbər, aparıcı beynəlxalq təşkilatlarının qətnamələrinə əhəmiyyət vermir, məhəl qoymur.
Nə hərb, nə sülh vəziyyəti davam edir.
Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıbdır. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı dörd qətnaməsi vardır. Bir neçə gün bundan əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə yenə bu məsələ ilə bağlı çox əsaslı və ədalətli qətnamə qəbul edilmişdir, münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ərazi bütövlüyü orada yeganə prinsip kimi göstərilmişdir. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar münaqişə ilə bağlı kifayət qədər çox qətnamələr, qərarlar qəbul etmişdir. Yəni, məsələnin hüquqi müstəvidə həlli üçün əlavə heç bir addıma ehtiyac yoxdur.
Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi və indiki vəziyyəti uzatmaq cəhdləri hələ imkan vermir ki, məsələ həllini tapsın.
Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Bizi bu günə yaxınlaşdıran amillər həm siyasi, həm iqtisadi və digər sahələrlə bağlıdır. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz vardır. Dünya birliyində böyük dəstəyimiz vardır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir.
Bölgədə mövqelərimiz möhkəmdir. İqtisadi sahəyə gəldikdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir və bundan sonrakı illərdə bu rəqəm yalnız artacaqdır. Çünki uzunmüddətli inkişaf strategiyamız bizə imkan verəcək ki, növbəti on il ərzində, - yəni, qarşıya belə hədəf qoyulub, - ümumi daxili məhsulumuzu iki dəfə artıraq. Müqayisəedilməz fərq vardır.
Məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik-siyasi imkanlardan istifadə edirik, eyni zamanda, hərbi gücümüzü də artırırıq.
Bu istiqamətdə də böyük addımlar atılmışdır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır.
Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər vacib amillər də mövcuddur və bu amillər də Azərbaycanın mövqeyini gücləndirir. İqtisadi gələcəyimiz. Biz dəqiqliklə bilirik ki, gələcəkdə bizi nələr gözləyir. Çünki gələcəyimizi biz özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən, yaxud da veriləcək və ya verilməyəcək ianələrlə bağlayır. Belə olan halda uzunmüddətli inkişafı proqnozlaşdırmaq mümkün deyildir. Uzunmüddətli inkişafa nail olmaq üçün biz nə qədər işləmişik, nə qədər səfərbərlik işləri aparmışıq, proqramlar qəbul etmişik, layihələr icra etmişik. Yəni, uzunmüddətli inkişafa nail olmaq üçün bir neçə il vaxt lazımdır. Bu gün yaranmış bu müsbət inersiya bizi qabağa aparır. Ona görə mən tam məsuliyyətlə deyə bilərəm ki, on il bundan sonra Azərbaycanın iqtisadi durumu təxminən necə olacaqdır.
Amma Ermənistana gəldikdə, orada ümumiyyətlə iqtisadiyyat iflic vəziyyətindədir və heç bir iqtisadi perspektiv yoxdur.
Ölkədən kütləvi şəkildə miqrasiya baş verir və əlbəttə, bu, məsələnin - yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz rolunu oynayacaqdır.
Uzun illər biz yalnız siyasi, iqtisadi, hüquqi, hərbi amilləri nəzərdən keçirirdik. Deyə bilərəm ki, hazırda demoqrafik amillər də nəzərdən keçirilməlidir. Çünki bu amillər nəinki bizim bölgədə, artıq dünyada ön plana çıxır. Demoqrafik inkişaf, bəzi ölkələrdə müsbət, bəzi ölkələrdə tənəzzülə uğrayan demoqrafik proseslər əlbəttə ki, bu gün təhlil mövzusudur. Azərbaycanda demoqrafik vəziyyət də çox müsbətdir. Bizim əhalimiz artır, 9 milyon 200 mindən çoxdur. Ermənistanda isə əksinə, əhali azalır. Yəni, mən heç şübhə etmirəm ki, biz suverenliyimizi, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik və vahid Azərbaycan uğurlu inkişafa davam edəcəkdir.
Bir daha demək istəyirəm ki, bu günə qədər görülən işlər belə deməyə əsas verir. Çünki 20 illik tariximiz, - əlbəttə, birinci iki ili istisna etmək şərti ilə, - göstərir ki, Azərbaycan xalqı istedadlı xalqdır. Azərbaycan xalqı zəhmətkeş xalqdır. Azərbaycan xalqı bu tarixi şansı əldən verməyib. Müstəqillik tarixi bir şans idi. Çünki bizdən əvvəl əsrlər boyu nəsillər gəlirdi-gedirdi, əcdadlarımız müstəqillik arzuları ilə yaşayırdı. Amma bu müstəqilliyi görmək, müstəqilliyi möhkəmləndirmək, müstəqilliyi inkişaf etdirmək bizim nəslə nəsib oldu. Bu, tarixi bir şans idi və Azərbaycan xalqı bu şansı nəinki əldən vermədi, bu müstəqillik dövründən maksimum səmərə ilə istifadə etdi.
Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir. Beynəlxalq kredit agentlikləri böyük ölkələrin kredit reytinqlərini aşağı saldığı bir dövrdə, Azərbaycanın kredit reytinqləri qalxır. Azərbaycanda rəqabət qabiliyyətli şirkətlərin sayı artır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi demək olar ki, təmin edilibdir. Neft–qazdan asılılıq azalır. Özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır. Əgər neft-qaz yataqlarımızı və yaratdığımız nəqliyyat infrastrukturunu əlavə etsək görərik ki, gələcəkdə Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Bundan sonrakı dövr üçün, bir daha demək istəyirəm ki, hər bir sahə üzrə konkret proqramlarımız və planlarımız vardır. Bu barədə də bir neçə kəlmə demək istərdim.
Xarici siyasətlə bağlı. Bundan sonra biz, ənənəvi olaraq, müstəqil xarici siyasəti davam etdirəcəyik. Bu siyasət bizə böyük uğurlar gətirmişdir. Bəzi hallarda bəzi yerli və xarici təhlilçilər əvvəlki dövrdə Azərbaycanın xarici siyasəti ilə bağlı qeyri-real fikirlər səsləndirirdilər. Ancaq həyat onu göstərdi ki, bizim xarici siyasətimiz yeganə düzgün siyasətdir. Əgər belə olmasaydı, bizim gənc dövlətimiz 155 ölkənin etimadını qazanmazdı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilməyimiz xarici siyasətimizin nə qədər düzgün olduğunun bariz nümunəsidir.
Bundan sonra da biz bu siyasəti davam etdirəcəyik. Xüsusilə, üstünlüyü ikitərəfli əlaqələrə verəcəyik. Bu gün də bu, bizim üçün prioritetdir. Qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Çünki biz bu bölgədə yaşayırıq və əsrlər boyu bu qonşuluqda yaşamışıq, bu qonşuluqda yaşayacağıq. Hər bir ölkə, o cümlədən Azərbaycan çalışmalıdır ki, qonşularla yaxşı münasibətləri olsun. Ancaq əlbəttə ki, beynəlxalq hüquq prinsipləri əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə və qarışlıqlı hörmət və etimad əsasında.
Bildiyiniz kimi, biz bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olduq. Bu da böyük təşkilatdır. Bir çox ölkələri əhatə edən təşkilatdır. Bu təşkilat çərçivəsində biz fəaliyyətimizi fəallaşdıracağıq. Bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət, inam vardır. Biz bu vəziyyətdən istifadə edib daha da çox dostlar qazanacağıq.
Azərbaycan xalqı və Azərbaycan islam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, bu günümüzdür, ənənəmizdir, milli identifikasiyamızdır. Bizim milli dəyərlərimiz islam dəyərləri əsasında formalaşıbdır. Biz milli dəyərlərimizə çox sadiqik və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Dəfələrlə demişəm və şadam ki, gənc nəsil də milli ruhda böyüyür, milli ruhda tərbiyə alır. Biz Azərbaycan xalqının zəngin milli mənəvi dəyərlərini, ənənələrini qorumalıyıq, saxlamalıyıq, təbliğ etməliyik. Hər bir Azərbaycan gənci, hər bir Azərbaycan uşağı bu əhval-ruhiyyədə böyüməlidir.
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim çox fəal rolumuz vardır, böyük dəstəyə malikik. Beynəlxalq təşkilatlarda demək olar ki, müsəlman ölkələrinin mütləq əksəriyyəti Azərbaycanın mövqeyini, Azərbaycan dövlətini birmənalı şəkildə dəstəkləyir.
Bildiyiniz kimi, biz də islam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Bakıda keçirilən müxtəlif tədbirlər bunun əyani göstəricisidir.
Eyni zamanda, Azərbaycan Avropa strukturlarının, həmçinin Avropa Şurasının üzvüdür, bu təşkilat çərçivəsində fəaliyyət göstərir və əlbəttə ki, bu təşkilat çərçivəsində fəaliyyətimiz davam etdiriləcəkdir. Bütövlükdə, biz bütün ölkələrlə qarşılıqlı hörmət və etimad əsasında bərabərhüquqlu münasibətlər qururuq. Mən çox şadam ki, işğalçı Ermənistan istisna olmaqla, heç bir ölkə ilə ikitərəfli formatda heç bir problemimiz yoxdur. Hökumətlərarası əlaqələr çox yaxşıdır, müsbətdir. Yenə də deyirəm, bizim BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bir çox ölkələrdə Azərbaycan haqqında yeni bir təsəvvürün yaradılmasına gətirib çıxardı. Çünki 155 ölkənin dəstəyi ilə bu mötəbər, dünyanın bir nömrəli təşkilatına seçilməyimiz əlbəttə ki, böyük nəticədir. O ki qaldı beynəlxalq təşkilatlara, biz üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürmüşük. Bu öhdəlikləri vaxtında yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz.
Çünki sadəcə məntiq onu göstərir ki, bir halda sən bu təşkilatın üzvü deyilsən, deməli, bu təşkilat qarşısında heç bir öhdəlik daşımırsan.
Bundan sonra da xarici siyasətimiz həmişə olduğu kimi açıq, xoşniyyətli olacaqdır. Ancaq əlbəttə ki, müstəqil siyasətimiz bundan sonra daha da güclənəcək və biz bölgədə gedən proseslərdə daha da fəal olacağıq. Dünyada gedən proseslərdə də rolumuz artır. Hazırda biz yeni qitələri siyasi, diplomatik cəhətdən özümüz üçün kəşf edirik. Latın Amerikası ilə bizim indi çox gözəl münasibətlərimiz formalaşır. Deyə bilərəm ki, Xocalı faciəsinin soyqırımı kimi tanıyan üç ölkədən ikisi Latın Amerikası ölkəsidir. Meksika, Kolumbiya və Pakistan bizim qardaş ölkələrimizdir. Afrika qitəsindən Azərbaycana çox böyük maraq vardır. Xüsusilə, BMT Təhlükəsizlik Şurasına üzv olandan sonra biz bunu görürük. Bu kontinent bizim üçün də çox maraqlıdır.
Yəni, biz xarici siyasətimizi artıq daha da genişləndirəcəyik, iqtisadi terminlə ifadə etsək şaxələndirəcəyik. Beləliklə, ölkəmizin dünyadakı rolunu bundan sonra böyük dərəcədə artıracağıq.
Daxili siyasətlə bağlı bizim konkret proqramlarımız, qərarlarımız vardır. Biz demokratik inkişafa sadiqik. Azərbaycanda bütün demokratik institutlar fəaliyyət göstərir. Hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar vardır. Demokratiyanın inkişafı bizim vəzifəmizdir, borcumuzdur. Bu, ilk növbədə Azərbaycan xalqına lazımdır. Biz bu sahədəki fəaliyyətimizi kiminsə xoşuna gəlmək üçün yox, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və bütün azadlıqları təmin etmək üçün edirik. Biz bundan sonra da bu siyasətə sadiq olacağıq.
İqtisadi sahə ilə bağlı mənim fikirlərim çıxışlarda, bəyanatlarda, konkret proqramlarda dəfələrlə ifadə olunub. Son illər ərzində Azərbaycanda müşahidə olunan inkişafın dünyada analoqu yoxdur. Ümumi daxili məhsulun üç dəfə artırılması, yoxsulluğun beş dəfə aşağı düşməsi. Sənaye müəssisələrinin, texnoparkların yaradılması, informasiya-kommunikasiya texnologiyalarının və sair digər sahələrin inkişafı. Yəni, iqtisadi blokla bağlı konkret istiqamətlər üzrə proqramlar vardır. Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını görürəm. Çünki ümumiyyətlə, dünyanın inkişafı bu istiqamətdə gedir. Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha da böyük dərəcədə müəyyən edəcəkdir. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir. Elm və təhsil sahəsinə xüsusi diqqət göstərilməlidir, bu sahə ön plana çıxmalıdır.
Son illər elmin inkişafı və gənclərin təhsili ilə bağlı qəbul edilmiş proqramlar bu məqsədi güdür. Biz istəyirik ki, gənclərimiz bilikli, savadlı olsunlar. Azərbaycanda elm inkişaf etsin. Elm bilik, istedad, inkişaf deməkdir. Biz indi başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə edirik. Bu da təbiidir. Çünki biz dünya birliyinin bir hissəsiyik. Ancaq mən hesab edirəm ki, Azərbaycanda hazırda kifayət qədər güclü elmi potensial vardır. Növbəti illərdə bu potensial daha da güclənəcəkdir, xüsusilə gənclərin hesabına. Yəni, Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır ki, bu elita Azərbaycanı 20 il, 30 il, 50 il bundan sonra uğurla idarə etsin. Ona görə informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil sahələri növbəti illər üçün prioritet olmalıdır.
Kənd təsərrüfatı, inkişaf etdiriməlidir. Çünki əhalimizin demək olar ki, yarısı aqrar sektorda çalışır. Bu sahə də prioritetlər sırasındadır. Yəni, hər bir sahə prioritetdir. Amma əgər əvvəlki dövrdə biz prioritetlər deyəndə, ilk növbədə, neft-qaz sektorunu nəzərdə tuturduqsa, hazırda bu, belə deyildir. Çünki neft-qaz sektorunda qarşımıza qoyduğumuz bütün vəzifələri ləyaqətlə icra etmişik. Çoxşaxəli ixrac infrastrukturumuz, yeddi neft-qaz kəmərimiz vardır. Neftimiz, qazımız bütün istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz, demək olar ki, enerji sahəsində işlərin böyük əksəriyyətini görmüşük. Bundan sonra, əlbəttə, bizim yeni fikirlərimiz, təşəbbüslərimiz vardır. Bu təşəbbüslər daha çox bizim tərəfdaşlarımız üçün lazımdır, vacibdir. Bizə də lazımdır. Burada maraqların üst-üstə düşməsi müsbət haldır. Artıq enerji sahəsi ilə - həm neft, həm qaz, həm elektrik enerjisinin generasiyası ilə bağlı demək olar ki, əsas məsələlər öz həllini tapmışdır.
Biz nəqliyyat sahəsində bu ilin sonuna qədər dünya üçün və əlbəttə, bizim üçün çox vacib olan yeni “İpək yolu”nun - Bakı-Tbilisi-Qars dəmir yolunun istismarına başlayacağıq. Beləliklə, Azərbaycanı dünya miqyasında tranzit mərkəzə çevirəcəyik. Bu isə onilliklər, əsrlər bundan sonra ölkəmizə həm siyasi, eyni zamanda, iqtisadi dividendlər gətirəcəkdir. Bu layihənin təşəbbüskarı da bildiyiniz kimi, biz olmuşuq.
Gələcək inkişafımızla bağlı, bir daha demək istəyirəm ki, hər bir sahə üzrə konkret planlarımız vardır. Bugünkü imkandan sadəcə olaraq istifadə edib bəzi fikirlərimi ifadə etmək istərdim.
Bütövlükdə, Azərbaycanın 20 illik tarixi göstərir ki, bu 20 il ərzində çox şey etmək olar. Bu gün xoş niyyətlə Bakıya gələn hər bir qonaq Bakının gözəlliyinə heyran olur. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bu barədə dəfələrlə demişəm və hər dəfə də bunu böyük qürur hissi ilə deyirəm. Bəlkə də gün gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Bizim qonaqlarımız, - xüsusilə, bu günlərdə çoxsaylı qonaqlarımız vardır, - əsas iki məqamı – Bakının təkrarolunmaz gözəlliyini və insanların xoş ovqatda olmasını, qonaqlara olan mehriban münasibətini qeyd edirlər. Bu iki amil bir-biri ilə bağlıdır. Vaxt var idi ki, bizim dənizkənarı bulvarda heç kimi görmək mümkün deyildi. Dağılmış yollar, sındırılmış işıq dirəkləri, çürümüş dəmirlər və s. Bu gün on minlərlə insan asudə vaxtını Bakı bulvarında keçirir. Bu gözəlliyi, inkişafı görərkən, haqlı olaraq, qürur hissi keçirir ki, Azərbaycan vətəndaşıdır.
Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür.
Əgər sənin ləyaqətli siyasətin, kifayət qədər cəsarətin və ölkə üçün, ölkənin gələcəyi üçün aydın strategiyan varsa bunu etmək mümkündür.
Bu gün Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir. İyirmi illik tariximiz bir daha onu göstərir ki, biz düz yoldayıq. Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz hamımız elə etməliyik ki, bu yol işıqlı, nurlu, açıq olsun.
Sağ olun.