Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08 may 2021, 17:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1,0 (bir milyon) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2021-ci il