İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
24 aprel 2021, 21:30
Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar.
Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.
Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.
Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etdilər.