İlham Əliyev Türkiyənin ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
02 aprel 2021, 11:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ruhsar Pekcan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev də Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Türkiyədə Azərbaycanın uğurlarından qürur duyulduğunu deyən Ruhsar Pekcan Vətən müharibəsi zamanı türk xalqının Azərbaycandakı hadisələri və Prezident İlham Əliyevin fəaliyyətini yaxından izlədiyini, qazanılan uğurlara sevindiklərini bildirdi.
Prezident İlham Əliyev Türkiyə xalqının dəstəyini hər zaman hiss etdiyini və Vətən müharibəsində də Türkiyə ictimaiyyətinin Azərbaycanın yanında olduğunu vurğuladı. Dövlətimizin başçısı müharibənin ilk günündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi önəmli bəyanatları yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Vətən müharibəsində Türkiyə mətbuatının fəaliyyətinə toxundu, müharibə ilə bağlı məlumatların dünyaya yayılmasında onun xüsusi rolunu yüksək qiymətləndirdi.
Həm müharibə zamanı, həm də sonrakı dövrdə Türkiyə ictimaiyyətindən çoxlu dəstək məktubları aldığını deyən dövlətimizin başçısı bunun birliyimizin növbəti təzahürü olduğunu bildirdi.