Valeh Hüseynov və Almaz Hüseynovadan, Goranboy, Azərbaycan


14 yanvar 2021, 12:45
Müzəffər Ali Baş Komandan, cənab İlham Heydər oğlu Əliyev,
Sizin misilsiz xidmətləriniz və düşünülmüş, uzaqgörən və müdrik siyasətiniz sayəsində 30 ilə yaxın bir müddətdir ki işğal altında olan torpaqlarımız azad edildi və ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Bu müqəddəs anları bizə və xalqımıza yaşatdığınız üçün Sizə ailəm və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatının bütün istiqamətlərində, o cümlədən səhiyyə sahəsində sürətli inkişaf baş verir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş səhiyyə siyasəti hazırda onun layiqli davamçısı kimi Zati-aliləriniz tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan xalqı əmindir ki, Sizin yüksək şəxsi keyfiyyətləriniz, intellektiniz, zəngin idarəetmə təcrübəniz, işgüzarlıq və təşkilatçılıq qabiliyyətinizə söykənən fəaliyyətiniz Azərbaycan xalqına və dövlətinə bundan sonra da yeni-yeni nailiyyətlər qazandıracaqdır.
Mən, Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi olaraq hazırda 12 ildir ki Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində xidmət edirəm. 27 sentyabr 2020-ci il tarixindən başlamış müharibədə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışam.
Qeyd edim ki, üçaylıq övladım Ruzi Hüseynov anadangəlmə ürək qüsurlu idi və onun xəstəliyi bizi olduqca narahat edirdi. Oğlumun yaşamaq ehtimalının az olduğu deyilmişdi. Nəhayət, biz uşağı ağır vəziyyətdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirdik və burada onun üzərində uğurlu cərrahiyyə əməliyyatı keçirildi, bütün dərmanlarla təmin olunduq.
Bu gün bizim ailəmizdə çox böyük əlamətdar bir gündür. Ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Çünki üçaylıq Ruzi balam təcrübəli, qayğıkeş həkimlərimizin səyi nəticəsində cərrahiyyə əməliyyatı edildikdən sonra aparılan düzgün müalicə, göstərilən diqqət və qayğı nəticəsində yenidən normal həyata qayıtmışdır.
Bütün bunlara görə bizlər bir ata-ana olaraq əziyyəti keçən bütün həkimlərə, tibb işçilərinə dərin minnətdarlığımızı bildirir, onların qarşısında baş əyirik.
Hörmətli həkimlər, qiymətli əlləriniz yorulmasın, zehniniz həmişə iti olsun! Allah hər birinizə kömək olsun! Ailəmizin adından hər birinizə uzun ömür və möhkəm cansağlığı arzulayıram!
Hörmətlə,
Hüseynov Valeh Səfər oğlu,
Hüseynova Almaz Pənah qızı.
Azərbaycan Respublikası, Goranboy rayonu, Baxçakürd kəndi.