Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
12 yanvar 2021, 20:09
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107; 1999, № 5, maddə 284; 2000, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003, № 2, maddə 77; 2004, № 5, maddə 314; 2006, № 1, maddə 3, № 5, maddə 396, № 12, maddə 1005; 2007, № 8, maddə 755, № 11, maddələr 1049, 1081; 2009, № 6, maddə 395; 2010, № 3, maddə 171; 2013, № 4, maddə 358; 2016, № 1, maddə 35; 2019, № 1, maddə 1, № 8, maddə 1365; 2020, № 4, maddə 395, № 6, maddə 673, № 7, maddə 848) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:
“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2020-ci il.