“Cavadxan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyindən, Bakı, Azərbaycan
07 yanvar 2021, 14:05
Zati-aliləri,
Sizin iştirakınızla Bakıda keçirilən Zəfər paradı bütün türk dünyasının qəlbində hədsiz qürur hissi yaratdı.
Biz, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyinin təmsilçiləri türk dünyasının iki böyük liderinin birgə fəaliyyəti, bir-birinə dəstək çıxması sayəsində 30 il dünyanın iri güc mərkəzlərinin çözümü üzərində çalışdıqları, lakin bir nəticə əldə edə bilmədikləri “Qarabağ düyünü”nün birdəfəlik açılmasından sonra böyük sevinc içindəyik.
Zəfər paradı dünyaya “Bir millət, iki dövlət” anlamının məzmununu və bu dövlətlərin rəhbərlərinin “Dəmir yumruğ”unun hansı qüdrətə malik olduğunu nümayiş etdirdi.
Bu birlik həm də 1804-cü ildə işğalçılarla mübarizə məqsədilə Azərbaycan xanlıqlarını birliyə çağıran Gəncə hökmdarı Cavad xanın müqəddəs arzusunu reallığa çevirdi.
Bu zəfər Azərbaycanın dəyərli incisi olan Qarabağın yenidən çiçəklənməsinin əsasını qoydu.
Bu zəfər həm də erməni faşizminin “böyük Ermənistan yaratmaq” xülyasını tarixin səhifəsindən birdəfəlik sildi.
Regionu bu bəladan qurtardığınıza görə Sizin adınız və xilaskarlıq fəaliyyətiniz bəşəriyyət tarixində daim anılacaqdır.
Qarabağı doğma anası Azərbaycanın ağuşuna qaytardığınıza görə Sizlərə dərin minnətdarlığımızı bildirir, gələcək inkişafımız naminə bundan sonrakı fəaliyyətinizdə böyük uğurlar diləyirik!
Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!
Dərin hörmət və ehtiramla,
“Cavadxan” Tarix və Mədəniyyət Fondu adından,
Valid Ziyatlı, Fondun prezidenti,
Müzadil Həsənov, Fondun vitse-prezidenti,
Ramiz Hümbətov, Əməkdar elm xadimi, professor, Fondun Himayəçilik Şurasının sədri,
Zaur Həsənov, professor, Fondun Ağsaqqallar Şurasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.