İlham Əliyev Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksinin açılış mərasimində iştirak etmişdir
28 may 2012, 12:30
Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilmişdir.
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev kompleksin açılışını bildirən rəmzi lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına yol qovşağının tikintisi və texniki göstəriciləri barədə ətraflı məlumat verdi.
Bildirildi ki, “Azəryolservis” ASC-nin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən inşa olunmuş bu yol qovşağının tikintisinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2006-ci il aprelin 11-də başlanmışdır. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 145 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.