İlham Əliyev “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini izləmişdir
27 may 2012, 20:15
Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsi başa çatmışdır. İsveçli 28 yaşlı müğənni Loren 42 ölkənin səs verməsi nəticəsində “Eyforiya” mahnısı ilə “Eurovision-2012”nin qalibi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri möhtəşəm “Baku Crystal Hall”a gələrək “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini izləmişlər.
Artıq 57-ci ildir ki, davam edən “Eurovision” mahnı müsabiqəsinin ən çox gözlənilən mərhələsi məhz yarışmanın final günüdür. İki yarımfinaldan finala vəsiqə qazanmış və müsabiqənin əsas beşliyi, həmçinin ötən ilki yarışmanın qalibi Azərbaycanın da birbaşa iştirak etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin ən maraqlı və həyəcanlı məqamı şübhəsiz ki, qalibin adının açıqlanacağı gün idi. Final günü “Baku Crystal Hall”a ardı-arasız kəsilməyən insan axını da məhz bununla əlaqədar idi. Artıq iki həftə idi ki, Avropa musiqisevərlərinin və tamaşaçılarının diqqəti müasirliyi, sürətli inkişafı və gözəlliyi ilə çoxsaylı qonaqlarını valeh edən, hər bir turistə xoş anlar yaşadan Odlar yurdu Azərbaycanın paytaxtı Bakıya yönəlmişdi.
Nəhayət, mayın 26-da Bakı vaxtı ilə saat 00:00-da müsabiqənin səbirsizliklə gözlənilən final mərhələsi başlandı. Avropa möhtəşəm final şousunun açılış mərasimində Azərbaycanın rəngarəng milli musiqisi ilə bir daha tanış oldu.
“Eurovision-2012” mahnı müsabiqəsinin finalı Azərbaycanın qədim milli musiqi aləti balabanda həzin ifa ilə başladı.
Tamaşaçıları sülh rəmzi olan ağ geyimlərdə salamlayan şounun aparıcıları-Leyla, Eldar və Nərgiz Azərbaycan, ingilis, fransız və alman dillərində Avropaya səsləndilər.
Final şousu Azərbaycanın dünya şöhrətli muğam ustası, Xalq Artisti Alim Qasımovun möhtəşəm ifası ilə davam etdi. “Natiq” ritm qrupunun unudulmaz ifası, həmçinin “Eurovision-2012”in qalibləri Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı hər kəsə gözəl anlar bəxş etdi.
Sonra finalda birincilik uğrunda mübarizə aparan 26 ölkənin - Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldovanın təmsilçilərinin hər biri üç dəqiqə ərzində möhtəşəm şou nümayiş etdirdi.
“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, müsabiqənin finalından bir gün əvvəl münsiflər səs verirlər. Final şousu başa çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər müsabiqənin yekununda tamaşaçı səsləri ilə toplanır.
Səsvermə intervalı aktında iyirmi altı ölkənin təmsilçilərinin final şousundakı çıxışlarının ən maraqlı məqamları bir daha nümayiş olundu. Beləliklə, iştirakçı ölkələr səs verməyə başladılar.
Səsvermə prosesinin davam etdiyi müddətdə “Baku Crystal Hall”un səhnəsinə 68 musiqiçi heyəti ilə tanınmış azərbaycanlı bəstəkar və müğənni Emin Ağalarov çıxdı. “Never Enough” mahnısı ilə bütün Avropa qarşısında çıxış edən Emin Ağalarov səsvermə zamanı yaşanan həyəcanı maraqlı ifası ilə yumşaltmağa müvəffəq oldu.
Nəhayət, müsabiqənin səsvermə prosesi dayandırıldı və həm tamaşaçıların, həm də münsiflər heyətlərinin səslərinin toplanmasına başlanıldı.
Beləliklə, 42 ölkənin iştirak etdiyi səsvermə prosesində “Baku Crystal Hall”a ilk olaraq Albaniya qoşuldu. İştirakçı ölkələrin əksəriyyətinin mühüm hesab edilən 8, 10, 12 səslərini İsveçə verməsi çoxları təəcübləndirmədi. Çünki müsabiqənin ilk günlərindən məhz İsveçin qələbəsinə inananlar çox idi. Bununla da ən çox səs qazanan İsveç təmsilçisi Loren müsabiqənin qalibi oldu.
Azərbaycan isə “Eurovision-2012” mahnı müsabiqəsində dördüncü yerdə qərarlaşdı. Ukrayna, Malta, Litva, Türkiyə ən yüksək -12 səsini, Gürcüstan, Moldova, Bolqarıstan, İsrail 10 səsini, Kipr isə 8 səsini Azərbaycanın hesabına yazdırdı.
Azərbaycandan verilən səslərin nəticələrini 2010-cü ildə Norveçdə keçirilən “Eurovison” mahnı müsabiqəsində ölkəmizin təmsilçisi olmuş Səfurə Əlizadə elan etdi. Səfurə Azərbaycanın 8 səsi Maltaya, 10 səsi Rusiyaya, 12 səsi isə qardaş Türkiyəyə verdiyini elan etdi. Səsverməyə sonuncu İrlandiya qoşuldu. Bununla da 372 səs alan İsveç müsabiqənin birincisi oldu. Rusiya ikinci, Serbiya üçüncü, Azərbaycan isə dördüncü yerləri tutdular.
Müsabiqənin qaydalarına əsasən, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ona birincilik qazandırmış mahnısını bir daha ifa etdi. Möhtəşəmliyi ilə dünyanı heyran qoyan “Baku Crystal Hall”un səhnəsində İsveç təmsilçini “Eurovision-2011”in qalibləri Eldar və Nigar təbrik edərək ona yarışmanın rəmzi “Billur mikrofon”unu təqdim etdilər.
Daha sonra qalib ölkənin təmsilçisi “Baku Crystal Hall”un Mətbuat Mərkəzində jurnalistlərlə görüşdü, onların suallarını cavablandırdı. Loren “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini, “Baku Crystal Hall”un möhtəşəm, Bakının gözəl şəhər, azərbaycanlıların qonaqpərvər və istiqanlı olduğunu dedi.
Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin bütün şouları 46 ölkədə birbaşa yayımlanmışdır.