Qaratel Ordiyevadan, Bakı, Azərbaycan
28 dekabr 2020, 16:25
Hörmətli və Müzəffər Ali Baş Komandanımız, doğma Azərbaycanımızın güclü lideri cənab İlham Əliyev!
Ulu Öndərimiz Heydər Əliyevin yolunu davam etdirdiyinizə görə Sizi ürəkdən təbrik edir və təşəkkür edirəm. Mən hər zaman Sizi dəstəklədim və Sizə dua etdim.
2003-cü ildə hakimiyyətə gəldiyiniz zamandan Sizin güclü siyasi rəhbər olacağınıza və bir gün torpaqlarımızı azad edəcəyinizə inanırdım. Hətta 2003-cü ildə Sizə şeir yazmışdım. Şeirdə böyük rəhbərin yadigarı olduğunuzu və onun adını ucaltmağınıza, torpaqlarımızı azad etməyinizə Tanrıdan hər an yardımçınız olmasını diləmişdim. Adınızın daim dillərdə əzbər olacağını, xalqımızın Sizin yanınızda olduğunu demişdim, üçrəngli bayrağımızı bütün cahanda yüksəltməyinizi arzulamışdım. Bu gün Tanrıya çox şükürlər olsun ki, Sizin güclü siyasətinizlə, Ordumuzun gücü, böyük türk dövlətinin güclü lideri Rəcəb Tayyib Ərdoğanın dəstəyi, Azərbaycan xalqının birliyi ilə və şəhidlərimizin qanı bahasına torpaqlarımızı düşmən işğalından azad etdik. Nəhayət ki, 2003-cü ildə qəlbimdən keçənlər həyata keçdi, bu gün üçrəngli bayrağımız bütün cahanda yüksəlir və dalğalanır.
30 ilə yaxındır Dağlıq Qarabağda soydaşımız qalmamışdı, türkün səsi eşidilmirdi. Bu Vətən müharibəsində 115 il ərzində erməni terrorunun qurbanlarının və şəhidlərinin intiqamı alındı. Qarabağın ürəyi olan Şuşanın azad edilməsi və müharibənin bitməsi münasibətilə Sizi, Azərbaycan xalqını və bütün türk dünyasını ürəkdən təbrik edirəm. Bu gün Pənahəli xanın, Molla Pənah Vaqifin, Nəcəf bəy Vəzirovun, Qasım bəy Zakirin və başqa dahilərimizin, eləcə də ulu babalarımızın ruhu rahatlıq tapdı.
Bu gün 3 yaşında körpə qız uşağı “Qarabağ Azərbaycandır”, “biz zəfər çalacağıq”, “erməni terrorçularını iti qovan kimi qovacağıq”, “mən də Qarabağda terrorçularla vuruşmağa gedirəm”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyirsə, başqa bir uşağın anasını çağırıb “İlham Əliyev danışır, Ərdoğan danışır gəlin baxın”, üçrəngli bayrağımızı əlində tutub “Azərbaycan, Azərbaycan” deyirsə, həqiqətən, biz çox güclüyük. Azərbaycan xalqı bu birliklə göstərdi ki 7-dən 77-yə hamı bu gün dəmir yumruq kimi Azərbaycanın və Sizin ətrafınızda birləşib. 44 günlük müharibə ərəfəsində müqəddəs yerləri ziyarət edən insanlarımız Sizə, güclü Ordumuza və Rəcəb Tayyib Ərdoğana dualar etdi. Bu gün artıq durnalardan bizə Qarabağdan, erməni terrorçularının əlində viranə qalmış torpaqlarımızdan xəbər gətirməyini istəməyəcəyik. Bu gün mən çox şadam ki, insanlar üçrəngli Bayrağımıza dəyər verməyə başlayıblar, bu çox qururvericidir.
Əziz Prezident, mən deyərdim ki erməni terrorçularına faşist adı vermək onlar üçün hörmət olardı, çünki faşistlər tibb işçilərinə, jurnalistlərə güllə atmırdılar, onlar insanı öldürdükdən sonra üzərində vəhşiliklər etmirdilər.
Allah türk millətinin hər zaman yanında olsun, türk milləti olaraq, Azərbaycan xalqı olaraq Allah hər zaman yanımızda olsun. Tanrı Sizi və ailənizi, daxili və xarici düşmənlərdən qorusun! Tanrı Azərbaycan xalqını və güclü Ordumuzu qorusun!
Müraciətin sonunda 2003-cü ildə Sizin üçün yazdığım şeiri, bu gün də Sizə, güclü Ordumuza, xalqımıza, Rəcəb Tayyib Ərdoğana, bütün türk dünyasına və bütün insanlıq dünyasına həsr edirəm.
Tanrı Sizi qorusun!
Hər zaman və hər yerdə.
Tanrı Sizi qorusun!
Həm yerdə, həm də göydə.
Tanrı Sizi qorusun!
Gələn faciələrdən.
Tanrı Sizi qorusun!
Həm gözdən, həm nəzərdən.
Tanrı Sizi qorusun!
Bütün xəstəliklərdən.
Tanrı Sizi qorusun!
Gələcək zərərlərdən.
Tanrı Sizi qorusun!
Qəlbiniz nurla dolsun!
Sizin yollarınızda
Daim yaşıllıq olsun!
Yaşıl işıq sönməsin.
Günəş Sizdən dönməsin.
Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Ordiyeva Qaratel Hüseyn qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.