Alavərdi Culfayevdən, Bakı, Azərbaycan
27 dekabr 2020, 14:16
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə deməyə o qədər xoş sözlərim var ki, amma hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm.
Sizinlə şəxsən təmasda olmuşam və tərəfinizdən haqqımızda xoş sözlər, təbriklər eşitmişəm. Ötən il dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunmağımla əlaqədar məni təbrik edəndə, bəlkə də, həyatımın ən məsuliyyətli, ən sevincli anlarını yaşadım. Sizin öz vətəndaşlarınıza bu qədər səmimiyyət, qayğı, hörmətlə yanaşmağınız insanda sözlə ifadə olunmayan hisslər yaradır.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizi Vətən Müharibəsində əldə edilmiş böyük Qələbə münasibətilə təbrik edirəm. Bu böyük qələbə Sizin zəhmətinizin bəhrəsidir. Sizin rəhbərliyiniz altında Azərbaycanın müzəffər Ordusu yeni tarix yazdı. Siz həmin tarixin memarı, həm də baş qəhrəmanısınız. Tarixdə tarixi yaradan qalır. Siz bu qələbəni qətiyyətiniz və üstün zəkanızla qazandınız. Azərbaycan xalqının böyük potensialını üzə çıxardınız, xalqı dəmir yumruq kimi birləşdirdiniz. Siz Azərbaycan xalqının xilaskarı və fəxrisiniz. Xalqımızı dünyaya ağıllı, güclü, humanist xalq kimi tanıtdınız. Azərbaycan xalqı həm də ona görə böyükdür ki, Sizin kimi bir şəxsiyyət yetirmişdir. Ümummilli lider Heydər Əliyev azərbaycanlı olmağı ilə fəxr edirdi. O, öz yorulmaz fəaliyyəti ilə Azərbaycanı necə sevdiyini sübut etdi. Başqalarına da bunu təlqin edir, öyrədirdi. Sizin, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi üçün etdiyinizi, ancaq torpağını, Vətənini, xalqını, millətini, dövlətini səmimi, təmənnasız, dərin bir məhəbbətlə sevən kəs edə bilərdi. Siz sübut etdiniz ki, dünya diplomatiyasının öncüllərindənsiniz. Siz uzun illər yağı işğalında olan torpaqlarımızı azad etməklə, 30 ilə yaxın bir həsrətə son qoydunuz. Xüsusilə Şuşa şəhərini işğaldan azad etməklə xalqımıza bəxş etdiyiniz bu bayram dolu günlər bənzərsiz tarixi hadisəyə çevrilmişdir. Zəfər paradı xalqımızın yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq. Siz Vətənimizi bütöv etdiniz.
Erməni faşizmi işğal altında olmuş şəhər, rayon, kəndlərimizi, maddi-mədəni irs nümunələrimizi, müqəddəs yerlərimizi, qəbiristanlıqlarımızı dağıdıb, yerlə yeksan edibdir. Onlar minlərlə insanın uşaq xatirələrini, ata-baba yurdunu tamamilə məhv ediblər. İnanıram ki, Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş bütün torpaqlarımız yenidən firavan yaşayış məskənlərinə çevriləcək, canlanacaq, orada həyat yenidən bərpa ediləcək. Sevinirəm ki, Azərbaycanın Sizin kimi Prezidenti, Ali Baş Komandanı var! Sizinlə və müzəffər Ordumuzla fəxr edirik! Xalqımıza, müzəffər Ordumuza Sizin kimi Ali Baş Komandanın başçılıq etməsi çox qürurvericidir. Bu məsuliyyətli günlərdə Sizinlə çiyin-çiyinə dayanan, Vətən Müharibəsi günlərində hər yeni qələbəmizlə xalqımızı təbrik edib, sevincini bizlərlə bölüşən Mehriban xanımla da fəxr edir, onu da təbrik edirəm.
Yaşasın müzəffər Ordumuz və onun Ali Baş Komandanı, əziz Prezidentimiz İlham Əliyev! Allah Sizi və xalqımızı qorusun! Sizi Azərbaycan xalqına bəxş edən və bizə bu günləri nəsib edən Uca Allaha şükürlər olsun!
Böyük hörmət və ehtiramla,
Culfayev Alavərdi Abasoviç,
Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandasının baş məşqçisi, üzgüçülük üzrə Əməkdar məşqçi, SSRİ idman ustası, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Bakı Musiqi Akademiyasının baş hüquqşünası.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.