Mirzahid Seyfullayevdən, Sumqayıt, Azərbaycan
27 dekabr 2020, 10:48
Hörmətli cənab Prezident,
Mən səmimi qəlbdən fəxr edirəm ki, mən Azərbaycan Respublikasının vətəndaşıyam və Sizin kimi Milli Qəhrəmanımız, yenilməz Ali Baş Komandanımız var.
Şanlı Ordumuz cəbhədə Sizin rəhbərliyiniz sayəsində böyük şücaət və möhkəm iradə göstərərək 30 ilə yaxın erməni işğalında qalan əzəli torpaqlarımızı – Qarabağı işğaldan azad etdi, bununla da Azərbaycan xalqına və bütün türk dünyasına Qələbə sevinci yaşatdınız.
Belə bir məqamda qazi Mustafa Kamal Atatürkün məşhur bir kəlamı yada düşür: "Millət torpaq itirə bilər, var-dövləti talan ola bilər,... ancaq millətin ruhu ölməyibsə o, bütün itirdiklərini təzədən əldə edə bilər”.
Çətin günümüzdə millətimiz bir yumruq kimi birləşib bir oldu. Bu gün adına Azərbaycan deyilən yatmış vulkan oyanıb. Marşal Jukov İkinci dünya müharibəsi zamanı vuruşan azərbaycanlı əsgərlər barədə deyərdi: “Azərbaycanlılar döyüşə şir kimi girir, pələng kimi vuruşurlar”. Bu gün də belə igidlərimizin sayəsində torpaqlarımız işğaldan azad olundu.
Qəhrəmanlıq tarixinin yeni səhifələrini yazan Ordumuzun Müzəffər Ali Baş Komandanı, xalqımızı bir yumruq kimi birləşdirməyi bacaran Milli Qəhrəmanı kimi Sizə, rəşadətli əsgər və zabitlərimizə, odlu nöqtələrdən bizə məlumat hazırlayan media əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Seyfullayev Mirzahid
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.