İlham Əliyev Bakı Funikulyorunun və Azneft döngəsində yeraltı piyada keçidinin açılışında iştirak etmişdir
23 may 2012, 17:00
Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Son illər paytaxtda həyata keçirilən quruculuq tədbirləri, parkların və xiyabanların abadlaşdırılması, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində təmir edilməsi və inşası, nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenidən qurulması Bakını dünyanın inkişaf etmiş şəhərlərindən birinə çevirməkdədir. Paytaxtın gözəlliyinə xüsusi yaraşıq verən, şəhərimizin sakinlərinə və qonaqlarına xidmət göstərəcək Bakı Funikulyorunun əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü quruculuq işlərinin davamıdır.
Bakı Funikulyoru 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. Funikulyorun ilk vaqonları o zaman xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq gətirilmişdir. İki stansiyadan ibarət funikulyorun vaqonu saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Bakı Funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən ötən il Bakı Funikulyorunun əsaslı şəkildə təmiri və yenidən qurulması işlərinə başlanılmışdır.
Funikulyorun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlanmışdır. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilmişdir.
Dövlətimizin başçısı Bakı Funikulyorunun açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Funikulyorunun əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış oldular.
Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnmiş, yeni vaqonlar alınmışdır. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilmiş funikulyorun hər iki stansiyası şüşədən hazırlanmışdır. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcəkdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funikulyorla yuxarı stansiyaya qalxdılar.
X X X
Bakı Funikulyoru ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak etmişlər.
Azərbaycan Prezidenti keçidin açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov yeraltı piyada keçidinin texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Uzunluğu 54, eni 6 metr olan yeraltı keçid Bəhram Gur abidəsi tərəfdən Dənizkənarı Milli parka və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi istiqamətinə keçən piyadaların rahat gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcəkdir. Yeraltı piyada keçidində müasir işıqlandırma sistemi quraşdırılmışdır. Keçidin inşası zamanı burada mövcud olan kommunikasiya sistemi yenilənmişdir.
Azərbaycan Prezidenti və xanımı yeni piyada keçidi ilə tanış oldular.
X X X
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxdılar.
Dövlətimizin başçısı və xanımı Dənizkənarı Milli Parkın “Venesiya” adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlandılar.
Dənizkənarı Milli Parka xüsusi gözəllik verən bu ərazidə abadlıq və quruculuq işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi. Burada əhalinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd edildi.
Daha sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə baxdılar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının yaxınlığında tikilib istifadəyə verilən yeni iaşə obyektləri ilə də tanış oldular.