Rövşən Bərxudarovdan, Ankara, Türkiyə
11 dekabr 2020, 12:16
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin cəsarətli və müdrik komandanlığınız, qətiyyətli, strateji və taktiki qərarlarınız, əvəzolunmaz təcrübəniz və eləcə də əzmkarlığınız sayəsində qorxmaz və müzəffər Azərbaycan Ordusu zəfər qazandı. Bu Qələbə 2783 şəhidimizin adı ilə birlikdə Azərbaycanımızın şanlı tarixinə, eləcə də bütün dünya türklərinin qədim və qüdrətli tarixinə qızıl hərflərlə yazıldı.
44 günlük Vətən Müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Bu müharibədə şəhid verdik, lakin xalqımızın başı ucaldı, qürurlandıq. Qardaş Türkiyə və Pakistan ilk günlərdən ölkəmizə mənəvi və siyasi dəstək göstərdilər. Müharibə günlərində bütün dünyada sayı 200 milyonu keçən böyük türk millətinin ürəyi Azərbaycanla döyünürdü və onun Qələbəsi qızıl hərflərlə ortaq tariximizə yazıldı. Bu zəfər həm də dünyanın fərqli coğrafiyalarında yaşayan müsəlmanların bayramıdır, bu zəfər haqsızlığa yox deyən, Vətən Müharibəsi boyunca Azərbaycanın yanında olan bütün xalqların qələbəsidir!
“FDİ GROUP” şirkətinin bütün üzvləri müharibənin ilk günlərindən şanlı zəfərimizə, Azərbaycanımızın Qələbəsinə inanırdı. Məhz Sizin Ali Baş Komandanlığınız qorxmaz və şücaətli Azərbaycan Ordusuna 44 gündə düşməni diz çökdürmək gücü verdi.
Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə dağılan məscidlərimizdən ucalan azan səslərini eşitdikcə ruhumuz dincəlir.
Möhtərəm cənab Prezident, Siz bütün dünyaya türkün gücünü göstərərək bir daha sübut etdiniz ki, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması mümkün deyil və bu planların üstündən həmişəlik xətt çəkilmişdir.
Şirkətimizin üzvləri bu şanlı zəfəri canları bahasına bizə ərməğan edən şəhidlərimizə uca Allahdan rəhmət diləyir, Sizi, Azərbaycan xalqını və Ordumuzu böyük Qələbə münasibətilə təbrik edirik.
Allah Sizi, qəhrəman Ordumuzu və türk millətini qorusun.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Bərxudarov Rövşən
Türkiyə Respublikası, Ankara şəhəri.