Şirin Məlikovadan, Bakı, Azərbaycan
10 dekabr 2020, 12:26
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu cəbhədə şərəflə öz borcunu yerinə yetirərək, yeni tarix - qalibiyyət salnaməsi yazdı. Qəhrəman əsgərlərimiz canları, qanları bahasına müqəddəs torpaqlarımızı, and yerlərimizi, arzularımızın ünvanı Qarabağı işğaldan azad etdi. Ölkəmizin ayrılmaz hissəsi olan Qarabağı erməni işğalından azad edən fədakar əsgərlərimizlə qürur duyuruq! Sizin rəhbərliyinizlə xalqımız qalib xalqa çevrilib şərəfli simasını dünyaya nümayiş etdirir.
Biz Sizinlə fəxr edirik. Bütün Azərbaycan xalqı kimi Azərbaycan Milli Xalça Muzeyinin kollektivi də Sizə dərin təşəkkürünü bildirir və bu möhtəşəm qələbə münasibəti ilə Sizi ürəkdən təbrik edir.
Qarabağ probleminin kökündən həllində göstərdiyiniz qətiyyətinizlə bütün dünya azərbaycanlılarının qəlbində ən böyük heykəlinizi ucaltdınız.
Qələbə bayramı bizim üçün ikiqat əlamətdar hadisədir. Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 1992-ci ilə qədər Mehmandarovların imarətində yerləşmişdir. Yaxın günlərdə muzeyimizin filialının yenidən öz doğma məkanına qayıtmasını böyük səbirsizliklə gözləyirik. Şöhrəti dünyaya yayılan Qarabağ xalçaları və digər qiymətli eksponatlar uzun illərdən sonra yenidən öz əzəli vətənində - Şuşada nümayiş etdiriləcək.
Biz nəinki öz filialımızın, işğaldan azad olunmuş torpaqlardakı bütün muzeylərin dirçəldilməsində yaxından iştirak etməyə, mədəniyyət cəbhəsində Sizin müsəlləh əsgərləriniz olmağa hazırıq.
Bu əlamətdar gündə müqəddəs Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş şərəfli övladlarımıza Allahdan rəhmət, bütün qazilərimizə isə şəfa diləyirik. Uca Allah Sizi və xalqımızı qorusun!
Qarabağ Azərbaycandır!
Dərin ehtiramla,
Şirin Məlikova,
Azərbaycan Milli Xalça Muzeyinin direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.