İran Hüseynovdan, Beyləqan, Azərbaycan
09 dekabr 2020, 13:19
Salam əziz və hörmətli Prezidentim!
Mən birinci Qarabağ müharibəsi iştirakçısıyam, hazırda Beyləqan rayonunda yaşasam da əslən Füzuli rayonundanam və Sizin sayənizdə artıq məcburi köçkün deyiləm. 1993-cü ildə qardaşım döyüşlərdə şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şükürlər olsun ki, müzəffər Ordumuz öz qəhrəman sərkərdəsi ilə birlikdə tarix yazaraq bu gün işğalda olan torpaqlarımızı, birinci Qarabağ müharibəsi şəhidlərinin ruhlarını və məzarlarını da azad etdilər. Mən bu yolda şəhid olan hər bir Azərbaycan əsgərinə Allahdan rəhmət diləyib, onların anaları qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə isə tezliklə sağalıb, ordu sıralarına qayıdıb Ali Baş Komandanımız əmrlərini icra etmələrini arzu edirəm. Bu gün mən bir valideyn kimi fəxr edirəm ki, mənim də üç övladım Sizin komandanlığınız altında xidmət edir. Vətən müharibəsi başlayan gündən dördüncü övladım da ordu sıralarına qatılmaq üçün müraciət etmişdi. Bu gün mən, övladlarım da daxil olmaqla Qələbə sevincini bizlərə yaşadan hər bir kəsin, hər bir əsgərin əllərindən, gözlərindən öpürəm.
Cənab Prezident, mən doğma kəndim Mandini, şəhid olmuş qardaşımın əsir düşmüş məzarını mənə qaytaran bu müzəffər Ordunun qurucusu və sərkərdəsi olduğunuz üçün Sizi bağrıma basıb öpür, qalan ömrümü Sizin əmrinizlə hər an Vətən yolunda, Sizin yolunuzda qurban verməyə hazıram.
Müzəffər Ali Baş Komandan, əvvəllər çox arzu edirdik ki, Rəcəb Tayyib Ərdoğan kimi rəhbərimiz olsun. Çox şükürlər ki, indi bir çox ölkələrin arzu edəcəkləri İlham Əliyev kimi Prezidentimiz var. Qurduğunuz Ordu Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərkən, Siz də öz uzaqgörən siyasətinizlə siyasi meydanda, həmçinin xarici jurnalistlərə verdiyiniz tutarlı cavablarla dünyanı heyrətə gətirərək Qələbə qazandınız. Siz 21-ci əsrin real tarixi şəxsiyyətlərindən biri oldunuz. Allah Sizi və Rəcəb Tayyib Ərdoğanı türk dünyasına çox görməsin. Xalq Sizi ürəyinə yazdı, Siz o ürəklərdə əbədi yaşayacaqsınız.
Allah Ordumuzu və Ali Baş Komandanımızı qorusun!
Hörmətlə,
Hüseynov İran,
Birinci Qarabağ müharibəsi iştirakçısı.
Azərbaycan Respublikası, Beyləqan rayonu.