“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
10 may 2012, 12:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53.5-ci maddəsinə əsasən qərara alıram:
1. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə I).
2. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri” təsdiq edilsin (Əlavə II).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Bu Fərman 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2012-ci il.