“Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri
01 dekabr 2020, 19:37
Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Medalın ümumi təsviri
“Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) 900 əyarlı qızıldan hazırlanmış, biri digərinin üzərinə yerləşdirilmiş diametri 42 mm olan iki səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Alt ulduz ağ qızıldan, üst ulduz sarı qızıldan hazırlanmışdır.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində alt ulduzun guşələri mərkəzdə ikitərəfli hamar şüalı, mərkəzdən sol və sağ tərəflərə doğru hamar pilləvarı formadadır.
2.2. Üst ulduzun guşələri uclarında kiçik kürəciklər olmaqla, ikitərəfli hamar şüalıdırlar. Üst ulduzun mərkəzində zolaq ilə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Lövhənin ətrafında guşələri hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur. Zolağın üzərində səkkiz ədəd maili xətlər vardır.
2.3. Dairəvi lövhənin mərkəzində tünd qırmızı minalı fonda aypara və ulduz təsvir olunmuşdur.
2.4. Bütün elementlər relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzdən yuxarıda “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” sözləri, mərkəzdə “VƏTƏN MÜHARİBƏSİ 2020” sözləri və rəqəmləri yazılmışdır. Yazılar və rəqəmlər relyefli olaraq qabarıqdır.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medalın paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun rənglərdə zolaqlar təsvir olunmuş xara lentin mərkəzinə səkkizguşəli ulduz bərkidilmişdir.
4.3. Lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.