İlham Əliyev Bakının İnşaatçılar prospektində salınan yeni istirahət parkı ilə tanış olmuşdur
09 may 2012, 13:00
Prezident İlham Əliyev Bakının Yasamal rayonu ərazisindəki İnşaatçılar prospektində salınan yeni istirahət parkı ilə tanış olmuşdur.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, parkın yerləşdiyi ərazi uzun müddət baxımsız qalmışdır. Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu ərazidə xüsusi layihə əsasında dörd ay ərzində müasir səviyyədə yeni park salınmışdır. Parkın ərazi 3,5 min kvadratmetrdir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulmuşdur. Parkda uşaqların əylənmələri üçün hər cür şərait yaradılmışdır. Ən müasir standartlar səviyyəsində qurulan park paytaxtın sakinlərinin və qonaqlarının sevimli istirahət mərkəzlərindən biri olacaqdır.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.