İlham Əliyev baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə tanış olmaq üçün təbii fəlakət bölgəsində səfərdə olmuşdur
09 may 2012, 14:20
Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ olmuşdur.
Prezident İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təyyarə ilə Zaqatala rayonuna gəlmişdir.
Dövlət başçısı helikopterlə zəlzələnin episentrindəki ərazini seyr etdi.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Prezident İlham Əliyevə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat verdi.
Qeyd edildi ki, mayın 7-də axşam saat 19.15-də zəlzələnin episentrində 12 ballıq cədvəl üzrə 7 bal gücündə baş verən təkrar yeraltı təkan daha ciddi dağıntılar törətmişdir. Ümumiyyətlə, ötən müddətdə 500-dək yeraltı təkan qeydə alınmışdır və onlardan bir neçəsi daha çox hiss olunmuşdur.
Bildirildi ki, zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçmuş, ya da qəzalı vəziyyətə düşmüşdür. Çoxlu sayda sosial obyektə də ciddi ziyan dəymişdir.
Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözparaq, Mamrux, Zəyəm, Muxax, Bazar, Qımır və Çobankol, eləcə də Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndlərində ciddi dağıntılar baş vermişdir.
Diqqətə çatdırıldı ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılmış və işçi qruplar dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görür. Qısa müddətdə rayona Fövqəladə Hallar Nazirliyi tərəfindən çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirilmişdir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə də Zaqatala rayonuna tikinti materialları ilə kömək göstərilmişdir. Zəlzələ bölgəsinə çoxlu sayda çadırlar gətirilərək quraşdırılmışdır.
Zaqatala, Qax və Balakən rayonlarına əlavə texnika, inşaat materialları, avadanlıq və digər zəruri materialların gətirilməsi davam edir. Zəlzələdən ziyan çəkən əhaliyə dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq hər cür kömək göstərilir.
Sonra Prezident İlham Əliyev baş vermiş zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözparaq kəndinə gəldi.
Dövlətimizin başçısı kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Sultanovun zəlzələdən ziyan çəkən evinə baxdı.
Ev sahibləri ilə söhbət edən Prezident İlham ƏLİYEV dedi:
- Salam, necəsiniz?
EV SAHİBƏSİ: Sağ olun, xoş gəlmisiniz. Çox sağ olun, bizə baş çəkdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Allaha şükür edirik ki, bu fəlakət gecə vaxtı olmayıb, gündüz olub. Gecə vaxtı olsaydı camaat qırılardı.
Prezident İlham ƏLİYEV: Təbii fəlakət baş verib. Gərək hələlik müvəqqəti olaraq bu çadırlarda qalasınız. Amma tezliklə bütün evlər bərpa ediləcəkdir. Göstərişlər verilib, vəsait ayrılıb. Yəni, bundan da gözəl ev tikiləcəkdir.
EV SAHİBƏSİ: İnşallah. Bizim ümidimiz bircə Sizədir.
Prezident İlham ƏLİYEV: Mən elə onun üçün gəlmişəm. Kömək edəcəyik. Vəsait ayrılıb, narahat olma. Bütün evlər bərpa ediləcəkdir, o cümlədən sənin evin də bərpa ediləcəkdir, bundan daha yaxşı ev tikiləcəkdir.
EV SAHİBƏSİ: İnşallah, çox sağ olun.
Prezident İlham ƏLİYEV: İndi bu çadırlar gətirilib, müvəqqəti yaşamaq üçündür.
EV SAHİBƏSİ: Çox sağ olun, bizə kömək etdilər, yardım əli uzatdılar.
X X X
Dövlət başçısı Gözparaq kənd sakinləri ilə də görüşdü.
Təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olduğu, sakinlərlə görüşüb onların qayğıları ilə yaxından maraqlandığı üçün dövlətimizin başçısına dərin minnətdarlığını bildirən kənd ağsaqqalı Əhməd QURBANOV dedi:
- Sizi gözparaqlılar adından salamlayıram, Sizə “Xoş gəlmisiniz!” deyirəm. Gözparaqlılar böyük iftixar hissi keçirirlər ki, Siz bu gün zəhmət çəkib buraya gəlmisiniz. Bizim qayğımıza qalırsınız. Biz bilirdik və bu gün də görürük ki, Siz böyük zəhmət çəkib xalqın qayğısına qalmaq üçün buraya gəlmisiniz. Biz ümid edirik, bu fəlakətə düşən gözparaqlıların vəziyyətini, yaşayışını əvvəlki məcraya salmaq üçün tədbir görəcəksiniz. Sizə müvəffəqiyyətlər arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Əlbəttə, müvafiq göstərişlər verilmişdir. Artıq dünəndən vəsait də ayrıldı. Bu, ilkin vəsaitdir. Ondan da artıq ayıracağıq. Çünki dağıntılar çoxdur. Zaqatala, Qax, Balakən rayonlarında üç minə qədər ev dağılıb və qəzalı vəziyyətdədir. Bütün evlər, sosial obyektlər bərpa ediləcəkdir. İndi gördüyüm mənzərə əlbəttə ki, çox acınacaqlıdır. İnsanlar zəhmət çəkib evlər tikiblər, indi isə evlər uçulub. Xoşbəxtlikdən heç bir itki olmayıbdır, əsas məsələ budur. Azərbaycan dövləti güclü dövlətdir, biz bütün evləri bərpa edəcəyik.
İndi müvafiq qurumların nümayəndələri buradadırlar. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilk gündən buradadır. Bütün qurumlara göstərişlər verilmişdir. Evlər tikilənə qədər müvəqqəti məskunlaşma yerləri də müəyyən edilib. Aydındır ki, çadırda yaşamaq ağır işdir. Ancaq başqa yol yoxdur. İndi bu qəzalı evlər, uçulmuş evlər sökülməlidir. Onların yerində yeni evlər tikilməlidir. Seysmoloji vəziyyətə nəzarət edilməlidir. Çünki təkanlar hələ də davam edir. Mənə verilən məlumata görə, əsas dağıntılar üçüncü, dördüncü təkandan sonra baş verib. Yəni, heç kim bilmir, yenə təkan olacaq, yoxsa olmayacaqdır. Ona görə bir qədər gözləməliyik. Amma söküntü işləri bu gündən başlamalıdır, yerlər təmizlənməlidir.
Görəcəksiniz, qısa müddət ərzində bundan da yaxşı evlər tikiləcəkdir. Məktəblər, sosial obyektlər dağılıb. Onlar da bərpa ediləcəkdir. İndi ərzaq təchizatı, tibbi xidmət vacib məsələlərdir. Göstəriş vermişəm, bu məsələlərə də baxılacaqdır. Yəni, biz bu məsələlərə hərtərəfli yanaşırıq. Elə etməliyik ki, insanlar əziyyət çəkməsinlər. Yəni, onların əziyyəti minimum səviyyədə olsun. Əlbəttə ki, bu, çox ağır hadisədir. Çox güclü zəlzələ olub. Altı bala yaxın zəlzələ olmuşdur. Bu, çox güclü zəlzələdir.
SAKİN: İkinci dəfə güclü oldu.
Prezident İlham ƏLİYEV: Bəli, bir neçə təkan oldu. Adətən, belə də olur. Birinci təkandan sonra növbəti təkanlar baş verir.
Ancaq əminəm ki, biz qısa müddət ərzində bu sınaqdan da şərəflə çıxacağıq. Bütün kəndlər bərpa ediləcəkdir. Evlər daha da yaxşı olacaqdır. Ən önəmlisi ondan ibarətdir ki, bu işlər üçün çəkiləcək bütün xərcləri Azərbaycan dövləti öz üzərinə götürür. Bu da dünyada nadir hallarda baş verən bir hadisədir. Çünki adətən, xüsusilə indi inkişaf etmiş ölkələrdə bütün evlər sığortalıdır. Vətəndaşlar gedirlər sığorta şirkətlərinə müraciət edirlər, evləri sığortalayırlar. Təbii fəlakət baş verdikdə dövlət heç bir xərc çəkmir, vətəndaş gedir sığorta şirkətindən vəsait alır. Bizdə isə vəziyyət fərqlidir.
Nə vaxtsa bizdə də belə olacaqdır. Ancaq hələ ki, belə deyildir. Azərbaycan dövləti bu öhdəliyi öz üzərinə götürür və bütün evlər qısa müddət ərzində bərpa ediləcəkdir.
Məktəblər gələn tədris ilinə qədər tikilməlidir. Bütün bu fəlakət zonasında 20-dən artıq məktəb dağılıb. Biz onları sentyabrın 15-nə qədər tikməliyik. Evlərə də indi vəsait ayrılıb. Dünən göstəriş vermişəm, Nazirlər Kabineti birinci vəsaiti ayırmışdır, 20 milyon manat. Ancaq indi verilən məlumata görə, bu vəsait çatmayacaqdır. Çünki dağıntılar həddindən artıq çoxdur. Mənə məruzə edilmişdi ki, üç yüz ev uçulub. İndi məlumat verilir ki, üç minə qədər ev uçulub, yaxud da ki, qəzalı vəziyyətdədir. Üç min. Ondan da çox ola bilər. Çünki araşdırmalar indi hələ ki, davam edir. Üç min evi tikmək böyük işdir, özü də qısa müddət ərzində tikilməlidir ki, insanlar əziyyət çəkməsinlər. Bilirsiniz və yenə də deyirəm, çadırlar gətirmişik. Mənə Kəmaləddin Heydərov və icra başçısı məlumat verirlər ki, xahiş etmisiniz, çadırlar öz həyətlərinizdə qoyulsun. İndi biz bunu da edirik. Amma çadırda yaşamaq da çətindir. Qışda da, yayda da çətindir. Qışda soyuq, yayda isti. Amma başqa yol da yoxdur.
SAKİN: Sizdən çox razıyıq, hörmətli cənab Prezident. İcazə verin, bu camaatın adından, öz adımdan Sizə, ailənizə dərin minnətdarlığımı bildirim. Bir şüar var bizim Azərbaycanda, ümummilli lider rəhmətlik Heydər Əliyevin şüarı – “Mən azərbaycanlıyam” Mən də deyirəm: “Biz azərbaycanlıyıq”. Biz bu siyasəti müdafiə edirik, biz bu siyasətin arxasınca gedirik.
Mən Sizə cansağlığı, uzun ömür arzulayıram.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən də sizə minnətdaram ki, dözümlülük göstərirsiniz. Bu, doğrudan da böyük fəlakətdir, böyük bəladır. Ancaq bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycan bu çətin sınaqdan şərəflə çıxacaqdır.
Bütün evləri öz gücümüzə bərpa edəcəyik. Bizim indi imkanlarımız, gücümüz vardır. Bizim xilasedicilər müxtəlif ölkələrdə baş vermiş zəlzələlərin, yanğınların nəticələrinin aradan qaldırılmasında iştirak edirlər, başqa ölkələrə kömək göstərirlər.
Ancaq bu məsələləri biz özümüz öz gücümüzə həll edirik.
İki il bundan əvvəl böyük daşqın baş vermişdi. Bilirsiniz, on minlərlə hektar ərazidə bütün evlər dağılmışdı, hər tərəfi su basmışdı, təbii fəlakət baş vermişdi. Biz o fəsadların əksər hissəsini artıq aradan götürdük. Yeni evlər, məktəblər tikildi, əvvəlkindən daha da gözəl. Bax, burada da, bu kəndlərdə də, yəni, ziyan dəymiş yerlərdə bütün infrastruktur yeniləşəcək, evlər tikiləcək və siz daha da yaxşı, daha da rahat yaşayacaqsınız.
O ki qaldı mənim fəaliyyətimə, bu, mənim borcumdur. Mən bu borcu yerinə yetirmək üçün bu vəzifəyə seçilmişəm.
Həmişə xalqla birlikdəyəm, birlikdə də olacağam. Yaxşı günlərdə də, ağır günlərdə də. Bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan dövləti çox böyük potensiala malikdir. Həm dünya miqyasında, həm bölgədə, regionda mövqelərimiz möhkəmdir. Ölkə daxilində də vəziyyət yaxşıdır. İqtisadi imkanlarımız, güclü iradəmiz var və bizim siyasətimizin mərkəzində insan dayanır, Azərbaycan vətəndaşı, adi vətəndaş, bax, sizin kimi. Ona görə əmin ola bilərsiniz ki, yaxın zamanlarda bütün bu məsələlər həll olunacaqdır.
SAKİN: Yüz faiz əminik.
Prezident İlham ƏLİYEV: Mənim nümayəndələrim buradadırlar. İcra nümayəndələri, icra başçıları öz vəzifə borclarını yerinə yetirirlər. Sizin bütün problemləriniz həll olunacaqdır. Mənə məlumat verilib ki, müəyyən xahişlər irəli sürülüb ərzaqla, uşaq yeməkləri ilə, su təchizatı ilə bağlı. İndi burada müəyyən yerlərdə ictimai mərkəzlər yaradılmalıdır ki, insanlar dincəlsinlər, hamamlar, televizora baxmaq üçün yerlər düzəldilməlidir. Təhlükəli olduğu üçün elektrik verilişi dayandırılıbdır. Çalışacağıq, maksimum dərəcədə şərait yaradaq ki, siz bu çətinliyi hiss etməyəsiniz.
SAKİN: Çox sağ olun, çox təşəkkür edirik. Çox razıyıq. Təşəkkürlərimizi bildiririk.
Fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV: Həm də cənab Prezident, demək, əhali ilə danışdıq, bu tikintilərdə yerli əhali də işə götürüləcək və bu müddət ərzində işləyib pul qazanacaqlar.
Prezident İlham ƏLİYEV: Bəli, əlbəttə, siz özünüz gərək işləyəsiniz, özünüz üçün evlər tikməlisiniz. Dövlət buna görə də vəsait verəcəkdir. Çalışın evləri keyfiyyətlə tikin. Mənim indi əsas istəyim bundan ibarətdir. Düzdür, burada mən yuxarıdan da seyr edirdim, bu evlər yaxşı tikilib, yəni, möhkəm tikilib, daş evlərdir. Bizdə bəzi yerlərdə evlər keyfiyyətsiz, çiy kərpicdən tikilir. Sizin evlər daş evlərdir, amma təkan çox güclü olub ki, dözməyib. Odur ki, bu dəfə bundan daha da keyfiyyətli tikin.
Daha da keyfiyyətli tikin ki, gələcəkdə heç bir ağır hadisə baş verməsin.
SAKİN: Allah qismət etsin, işlər qaydasına düşəndən sonra bir də gələrsiniz, bir də görüşərik, inşallah.
Prezident İlham ƏLİYEV: Əlbəttə, mütləq gələcəyəm. Gələcəyəm, yoxlayacağam, yeni evlərə köçməyinizi bir yerdə qeyd edəcəyik.
SAKİNLƏR: İnşallah, sağ olun. Allah canınızı sağ eləsin. Çox sağ olun. Çox minnətdarıq.
Prezident İlham ƏLİYEV: Tikiləndə yenə də görüşəcəyik. Onda sizin əhval-ruhiyyəniz yaxşı olacaqdır. Görəcəksiniz, yeni evlər indiki evlərdən daha keyfiyyətli, daha geniş, daha da rahat olacaqdır. Siz də bütün ölçüləri götürün. Yəni, indi söküləcək evlərin ölçülərini, neçə otaqdan ibarətdir, neçə kvadratmetrdir, ondan daha da böyük evlər tikək.
SAKİNLƏR: Çox sağ olun. Çox razıyıq. İnanırıq. Biz həmişə inanmışıq Sizə.
Prezident İlham ƏLİYEV: Bütün qeydiyyat işləri dəqiqliklə aparılmalıdır.
Kəmaləddin HEYDƏROV: Artıq başlayıbdır, onlar indi özləri də icra nümayəndələri ilə bərabər bizim komissiyalarla işləyirlər. Yeni evlər tapşırığınıza uyğun tikiləcəkdir.
Prezident İlham ƏLİYEV: Siz müəyyən müddətdən sonra o evlərin layihələrini də bəlkə burada təqdim edəsiniz ki, insanlar görsünlər evləri necə olacaqdır.
SAKİN: Cənab Prezident, bir xahişimiz var, bizim uşaq bağçamız yoxdur, onu da nəzərə alsınlar.
Prezident İlham ƏLİYEV: O mütləq olacaqdır. Uşaq bağçaları da dağılıb. Neçə uşaq bağçası dağılıb?
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz ƏHMƏDZADƏ: Burada məktəb bütün dağılıb - köhnə məktəb də, təzə məktəb də. Uşaq bağçası burada primitiv bir binada idi.
SAKİN: Uşaq bağçası yoxdur, heç olmayıb. Uşaqlarımız məktəbə gedəndə əziyyət çəkirlər.
Prezident İlham ƏLİYEV: Olmayıb, indi olacaqdır.
Mübariz ƏHMƏDZADƏ: Mamrux kəndində keçən il təzə tikilib istifadəyə verildi. Burada da bu il nəzərdə tutmuşduq. Belə bir fəlakət oldu. Hər şey qaydasında olacaqdır.
Prezident İlham ƏLİYEV: Burada məktəb neçə nəfərlik idi? Köhnə məktəb idi?
Mübariz ƏHMƏDZADƏ: Bəli, köhnə idi. Yeni korpus tikilmişdi, 400 nəfərlik idi. Hər ikisi dağılıbdır.
Prezident İlham ƏLİYEV: Kəndin əhalisi nə qədərdir?
Mübariz ƏHMƏDZADƏ: 1696 nəfərdir, 645 təsərrüfatdır.
Prezident İlham ƏLİYEV: Məktəbi 600 nəfərlik tikin. Biz yaxşı, gözəl məktəblər tikirik. Minlərlə məktəb tikilib. Uşaq bağçası da məktəbin yanında, bəlkə də bir ərazidə. Ona indi özünüz baxın. Onların layihələrini hazırlayın və sonra kəndlərdə bir yerdə düzün ki, insanlar görsünlər. Evlər tikiləndə vətəndaşların xahişləri də nəzərə alınmalıdır. İndiki ölçüləri, əlbəttə ki, müəyyənləşdirin. Demişəm, yeni ölçülər indiki ölçülərdən çox olmalıdır. Ancaq evlərin daxili planlaşdırılmasını insanların xahişi ilə etmək olar. Sağ olun. Sizə cansağlığı arzulayıram. Əminəm ki, yaxın zamanlarda yenə də görüşəcəyik.
SAKİNLƏR: İnşallah. Çox sağ olun. Təşəkkür edirik.
X X X
Sonra dövlətimizin başçısı zəlzələnin episentrində yerləşən Qax rayonunun Güllük kəndinə gəldi.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə zəlzələ nəticəsində bu rayonda baş verən dağıntılar və həyata keçirilən tədbirlər barədə dövlətimizin başçısına məlumat verdi.
Güllük kənd sakini Abdulla Məmmədovun zəlzələdən zərər çəkmiş evinə baxan Prezident İlham ƏLİYEV dedi:
- Təbii fəlakət baş verib. Fəlakətin nəticələri aradan qaldırılacaqdır, sizin üçün daha da gözəl evlər tikiləcəkdir. İlk növbədə, sizin qəzalı vəziyyətdə olan evləriniz sökülməlidir və onların yerində yeni evlər tikilməlidir. Mən göstəriş vermişəm, bütün evlər Azərbaycanın dövlət büdcəsi hesabına yenidən tikiləcəkdir. Siz narahat olmayın. Bu məsələ mənim nəzarətimdədir. Bütün göstərişlər verilib. Sabahdan başlayaraq bütün kəndlərdə ilk növbədə təhlil və söküntü işləri aparılacaqdır.
Evlərin ölçüləri müəyyən ediləcəkdir və yeni evlər elə həmin bu evlərin yerində tikilməlidir. İndiki evlərdən daha da böyük evlər olacaqdır. Bütün xərcini də Azərbaycan dövləti öz üzərinə götürür.
SAKİN: Çox sağ olun, Allah Sizi qorusun, bilirik ki, bizi darda qoymayacaqsınız.
Prezident İlham ƏLİYEV: Heç narahat olmayın. Məktəb də tikiləcəkdir. Yəqin buradakı məktəb də dağılıbdır.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa ŞƏKİLİYEV: Müxtəlif dərəcədə xəsarət alan 30-a yaxın sosial obyekt vardır.
Prezident İlham ƏLİYEV: Rayonda?
Musa ŞƏKİLİYEV: Bəli, həmin 16 kənddə. Üç məktəbin binasında divarlar uçulmuşdur.
Prezident İlham ƏLİYEV: Bu kənddə məktəb var?
Musa ŞƏKİLİYEV: Bəli, onda da çatlar vardır.
Prezident İlham ƏLİYEV: Bu kənddə əhali nə qədərdir?
Musa ŞƏKİLİYEV: Burada 2400 əhali, 576 ev vardır.
Prezident İlham ƏLİYEV: Böyük kənddir. Görəcəksiniz, bir neçə aydan sonra tikiləcək evlər necə gözəl olacaqdır.
SAKİN: Allah Sizə cansağlığı versin. Allah Sizi başımızın üstündən əskik etməsin.
Prezident İlham ƏLİYEV: Bizim dövlətimiz güclü dövlətdir. İnsanlara da böyük qayğı vardır. Siz də görəcəksiniz ki, necə gözəl evlər tikiləcəkdir. Gözlərinizə inanmayacaqsınız. Göstəriş vermişəm artıq, yaxın vaxtlarda layihələr hər kənddə göstəriləcəkdir, insanlar da görsünlər ki, onlar necə gözəl evlərdə yaşayacaqlar. Yeni evlərin tikintisində siz özünüzdə iştirak edəcəksiniz, eyni zamanda, özünüz tikəcəksiniz. Dövlət isə sizə maaş şəklində əlavə vəsait verəcəkdir.
Kəmaləddin HEYDƏROV: Təmirdə, tikintidə işləyənlərə pul veriləcəkdir.
Prezident İlham ƏLİYEV: Evlər yəqin ki, daşdan tikiləcəkdir.
Kəmaləddin HEYDƏROV: Daşdan tikiləcəkdir, bəli.
Prezident İlham ƏLİYEV: Mən görürəm, bax, bu evlər kərpicdəndir.
Kəmaləddin HEYDƏROV: Kərpicdir, bir də çay daşlarıdır, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Bu, keyfiyyətsiz tikilib. Elədir?
SAKİN: O vaxt.
Prezident İlham ƏLİYEV: O vaxt - 40 il bundan əvvəl, özü də keyfiyyətsiz. Amma indi evlər daşdan tikiləcək və keyfiyyətli olacaqdır.
SAKİN (qadın): Hamısına xeyirli olsun. Allah canınızı sağ etsin. Nə anam var, nə də atam. Heç kimim yoxdur.
Prezident İlham ƏLİYEV: Dövlət vardır. Dövlət də bütün məsələləri həll edəcəkdir.
SAKİN: Dövlət güclü dövlətdir. Allah Prezidentimizin canını sağ etsin.
Prezident İlham ƏLİYEV: Heç kim Azərbaycanda sahibsiz qala bilməz. Təbii fəlakət baş veribdir. Xoşbəxtlikdən heç bir itki yoxdur. Ev nədir ki, evi biz tikəcəyik.
SAKİN: Can sağlığı olsun.
X X X
Prezident İlham Əliyev Güllük kənd sakinləri ilə də görüşdü. Kəndin sakinləri adından ağsaqqal Fazil MUSAYEV dövlətimizin başçısını salamlayaraq dedi:
- İcazə verin, Sizi, bir ziyalı, ağsaqqal kimi, Güllük kənd camaatı adından salamlayım və Sizə “Xoş gəlmisiniz!” deyim.
Cənab Prezident, biz çox istərdik ki, Siz bizim xoş günlərimizdə iştirak edəsiniz. Təəssüf ki, kəndimizdə böyük təbii fəlakət baş verib. Siz çətin günümüzdə bizimlə görüşə gəlmisiniz. Bu, bizi çox ruhlandırıb. Sizinlə görüşə çox şadıq. Biz əminik ki, Sizin müdrik siyasətinizlə, köməyinizlə problemlərimiz həllini tapacaqdır. Biz Sizin iradənizə, qətiyyətinizə əminik. İnşallah biz elliklə, Sizin köməyinizlə bu çətin vəziyyətdən çıxacağıq.
Cənab Prezident, zəlzələnin episentri bizim ərazimizdə olduğu üçün kəndimizdə daha çox dağıntılar vardır. Demək olar ki, kəndin binalarının 95 faizi ya dağılıb, ya da qəzalı vəziyyətə düşüb. Ona görə də Sizdən xahiş edirik ki, bizə kömək edəsiniz. Biz Sizə inanırıq, Sizin siyasətinizi bəyənirik, təbliğ edirik və daim Sizin arxanızda durmuşuq. Biz Sizə, Sizin müdrikliyinizə inanırıq. Bilirik ki, bu işin öhdəsindən gəlməyə bizə kömək edəcəksiniz. Xalqımız, camaatımız yeni binalarda yaşayacaq, övladlarını əmin-arxayın böyüdəcəklər. Sizə çox təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən əminəm ki, yaxın aylarda biz xoş günlərdə də görüşəcəyik. Çünki müvafiq göstərişlər verilmişdir ki, bütün evlər qısa müddət ərzində yenidən tikilsin.
Təbii fəlakətdir. Çox güclü zəlzələ baş vermişdir. Dediyiniz kimi, episentr də sizin kəndinizə, bu əraziyə düşüb. Əsas dağıntılar Zaqatala, Qax və qismən Balakən rayonlarındadır. Evlər uçulub, dağılıb, qəzalı vəziyyətdədir. Məktəblər, uşaq bağçaları dağılıb. Bütün sosial obyektlər dağılıb. Yəni, böyük fəlakətdir. Mənə verilən son məlumata görə, üç minə qədər ev yenidən tikilməlidir. Amma çox güman ki, ondan da artıq olacaqdır. Çünki hələ hesablamalar aparılır, komissiya işləyir. Ancaq onu deyə bilərəm ki, bütün qəzalı vəziyyətdə və uçulmuş, dağılmış evlər bərpa ediləcəkdir. Harada ki, bu, mümkün deyil, - əksər hallarda bu mümkün deyil, - yeni evlər tikiləcəkdir.
Evlər tikiləndə sizin istəyiniz nəzərə alınacaqdır. Mən göstəriş vermişəm ki, bütün evlərin ölçüləri götürülsün. Bu ölçülər evlərin sahiblərinin iştirakı ilə təsdiqlənsin ki, siz də biləsiniz, dövlət də bilsin, evin ölçüləri nə qədərdir. Yeni tikiləcək evlər indiki evlərdən daha da böyük olmalıdır. Bu göstərişi də mən vermişəm.
SAKİN: Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Bütün evlər dövlət hesabına tikiləcəkdir. Bu məqsədlərə çatmaq üçün dünən mənim göstərişimlə ilkin ödəmələr artıq ayrıldı. 20 milyon manat vəsait ayrıldı. Siz yəqin ki, eşitmisiniz. Ancaq bundan sonra da ayrılacaqdır. Çünki dağıntılar həddindən artıq çoxdur.
Bizim dövlətimizin gücü kifayət qədərdir. Bizim siyasətimizin mərkəzində insan amili dayanır. Ona görə, mən şübhə etmirəm və xahiş edirəm, siz də şübhə etməyəsiniz ki, bütün evlər tikiləcəkdir, indikindən daha da gözəl, daha da yaxşı.
SAKİNLƏR: İnşallah!
Prezident İlham ƏLİYEV: Bax, indi bu evin yiyəsi mənə deyir ki, 1972-ci ildə tikilib, özü də o vaxt texnologiyalar indiki kimi deyildi. Deyə bilmərəm ki, çox keyfiyyətlə tikilib. Amma yeni tikiləcək evlər ən müasir texnologiyalara cavab verəcək, keyfiyyətli tikiləcək, rahat, işıqlı və gözəl olacaqdır. Biz bunu qısa müddət ərzində etməliyik. Bütün qüvvələr səfərbər olunur. Fövqəladə Hallar Nazirliyi, digər qurumlar işləyir. Ərzaqla təchizat təmin ediləcəkdir. İctimai yerlər müəyyən edilməlidir. Müvəqqəti olaraq çadırlarda yaşamaq məcburiyyətindəsiniz. Düzdür, bu, ağırdır, amma başqa yol yoxdur.
Çalışacağıq ki, bu məsələlər tezliklə öz həllini tapsın.
İlk növbədə, əlbəttə, seysmoloji vəziyyətə nəzarət edilməlidir. Çünki istisna edilmir ki, yeni təkanlar da olsun. Onu heç kim indi deyə bilməz. Amma vaxt itirmədən qəzalı vəziyyətdə olan bütün evlər sökülməlidir. Onların yerləri təmizlənməlidir və tikinti materialları gətirilməlidir, artıq yoldadır. Texnika gəlib və şərait, seysmoloji vəziyyət imkan verən kimi, biz dərhal tikintiyə başlayacağıq. Tikintilərdə kənd əhalisi iştirak etməlidir, işləməlidir. Dövlət də vəsait ayıracaqdır. Yəni, siz dövlət hesabına özünüz üçün evlər tikəcəksiniz, üstəlik dövlət buna görə sizə vəsait də verəcəkdir. Bax, bizim yanaşmamız bundan ibarətdir.
SAKİNLƏR: Sağ olun. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Biz bunu edəcəyik. Siz mənə inanırsınız.
SAKİNLƏR: İnanırıq.
Prezident İlham ƏLİYEV: Mən heç vaxt reallaşması mümkün olmayan vədlər verməmişəm. Verdiyim bütün vədlər artıqlaması ilə icra edilib. Son 9 ilin təcrübəsi bunu göstərir. Bütün bu zonada olan kəndlərdə evlər yenidən tikiləcəkdir.
Ancaq bu, böyük bir işdir. Çünki üç minə qədər, - bəlkə də ondan da çox olacaqdır, - ev qəzalı və dağılmış vəziyyətdir. Üç min, ya dörd min evi, onlarla məktəbi, uşaq bağçasını, tibb məntəqəsini tikmək böyük işdir. Amma biz bu işin öhdəsindən gələcəyik. Siz buna əmin ola bilərsiniz. Yeni tikilən evlərin açılışında da bir yerdə sizinlə olacağam.
SAKİNLƏR: İnşallah Allah Sizdən razı olsun. Çox sağ olun.
SAKİN: Cənab Prezident! Siz ulu öndərimiz Heydər Əliyevin dühasından bəhrələnən bir şəxsiyyətsiniz. Siz onun oğlusunuz. Heydər Əliyevin siyasətini də Siz davam etdirirsiniz. Xalqın inamı ona görə Sizə daha çoxdur. Xalq bilir ki, Prezidentimiz bizim arxamızdadır, biz də Prezidentin arxasındayıq.
Prezident İlham ƏLİYEV: Ümumiyyətlə, Zaqatala, Qax və ətraf rayonların sosial-iqtisadi inkişafı sürətlə gedir. Bu gün mən buraya təyyarə ilə gəlmişəm. Zaqatala aeroportuna gəlmişəm. Bu aeroportu biz yaratdıq, biz tikdik. Zaqatala şəhəri də gözəlləşir. Qax şəhəri çox gözəl, müasir şəhər olubdur. Siz görürsünüz, Qaxın əvvəlki vəziyyəti necə idi, indiki vəziyyəti necədir?!
Mən bir neçə ay bundan əvvəl Qaxda olmuşam. Gözəl işlər görülübdür, yeni binalar tikilir. Qaxın içməli su, kanalizasiya layihələri icra edilir. Köhnə bazar layihəsi yaradılmışdır. O da nadir memarlıq abidəsidir. Yəni, həm infrastruktur, həm abadlıq işləri bütün rayon mərkəzlərində gedir. O ki qaldı kəndlərə, kəndlərə də diqqət göstərilir və bundan sonra da göstəriləcəkdir. Təbii fəlakətlər baş verə bilər. Heç kim bundan sığortalı deyildir. Əsas məsələ ondadır ki, bu sınaqdan dövlətlər necə çıxır.
SAKİNLƏR: Dəyanətlə çıxdıq.
Prezident İlham ƏLİYEV: Biz bütün dövrlərdə sınaqdan şərəflə çıxmışıq. Öz hesabımıza çıxmışıq. Bu dəfə də öz hesabımıza çıxacağıq. Qısa müddət ərzində. Görəcəksiniz ki, siz bu evlərdən qat-qat gözəl, yaraşıqlı və keyfiyyətli evlərdə yaşayacaqsınız.
SAKİNLƏR: İnşallah. Çox sağ olun. Təşəkkür edirik. Biz Sizə inanırıq və ümid edirik. Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Sağ olun.
X X X
Daha sonra Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi.
Dövlət başçısı müşavirədə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- İki gün əvvəl Zaqatala, Qax, Balakən rayonlarında güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində böyük dağıntılar olmuşdur. İlkin məlumata görə, dağılmış evlər yüzlərlə hesablanırdı. Son məlumata görə, 3 minə qədər fərdi ev dağılmış, yaxud da ki, qəzalı vəziyyətə düşmüşdür. Bir sözlə, qəzalı vəziyyətdə olan evlərdə də yaşamaq mümkün deyildir.
Fövqəladə Hallar Nazirliyi dərhal təbii fəlakətlə bağlı fəaliyyətə başlamışdır, qərargah yaradılmışdır, vəziyyət təhlil edilmişdir, insanlar təhlükəsiz yerlərə köçürülmüşlər. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Dərhal bölgəyə çadırlar gətirilmiş və quraşdırılmışdır. İnsanlar müvəqqəti olaraq çadırlarda və qohumlarının evlərində yerləşdirilmişlər.
Yüzlərlə sosial obyekt, iyirmidən çox məktəb, uşaq bağçaları, tibb məntəqələri sıradan çıxmışdır. Bir sözlə, bu, çox böyük və dəhşətli təbii fəlakətdir.
Azərbaycan dövləti güclü dövlətdir və bütün təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün bizdə kifayət qədər imkanlar vardır. Hazırda səfərbərlik işləri demək olar ki, yekunlaşmışdır. Ağır texnika gətirilmişdir, əlavə çadırlar gətirilir.
İnsanların müvəqqəti məskunlaşması üçün bütün lazımi tədbirlər görülür. Ancaq o da həqiqətdir ki, çadırlarda yaşamaq çox ağırdır, çətindir. Biz çalışmalıyıq ki, qısa müddət ərzində bu vəziyyətdən şərəflə çıxaq.
İlk növbədə, təhlil işləri davam etdirilməlidir. Çünki hələ ki, bizdə tam məlumat yoxdur. Qəzalı vəziyyətdə olan evlərin sayı getdikcə artmaqdadIr və beləliklə, gələn günlərdə də təhlil işləri aparılmalıdır. Dağılmış və qəzalı vəziyyətə düşmüş evlərin dəqiq ölçüləri müəyyən edilməlidir. Bu məsələlər ev sahibləri ilə birlikdə təhlil edilməlidir. Yəni, söküləcək hər bir evin dəqiq ölçüləri müəyyən edilməlidir. Söküləcək evlərin yerində yeni evlər tikiləcəkdir. Evlərin layihələri, - mən artıq göstəriş vermişəm, - insanlara da təqdim edilməlidir. Tikiləcək evlər dağılmış evlərdən daha geniş, daha da böyük olmalıdır. Vətəndaşların arzuları da tikiləcək evlərdə öz əksini tapmalıdır.
Bütün dağılmış və qəzalı vəziyyətdə olan məktəblər yeni tədris ilinə qədər yenidən tikilməlidir. Bu, çox böyük işdir, böyük maliyyə vəsaiti və texniki imkanlar tələb edən məsələdir. Ancaq biz çalışmalıyıq ki, bütün bu məsələlər maksimum qısa müddət ərzində həllini tapsın.
Bununla paralel olaraq, seysmoloji vəziyyətə daim nəzarət olunmalıdır. Çünki bildiyiniz kimi, bir neçə təkan olmuşdur və yenə də deyirəm, xoşbəxtlikdən birinci təkan o qədər güclü olmamışdır. İnsanlar evləri tərk etmişlər, ondan sonrakı təkanlar əsas dağıntılara səbəb olmuşdur və istisna edilmir ki, təkanlar bundan sonra da baş versin. Ona görə seysmoloji vəziyyətə tam nəzarət edilməlidir. Yəni tikinti-bərpa işlərinə ancaq seysmoloji vəziyyət tam sabitləşdikdən sonra başlanılmalıdır.
Müvəqqəti məskunlaşma yerlərində bütün məişət məsələləri öz həllini tapmalıdır. Mənə verilən məlumata görə, artıq bu istiqamətdə böyük işlər görülmüşdür. İnsanların xahişlərini nəzərə alaraq, çadırlar hər bir vətəndaşın həyətində quraşdırılır. Biz bu arzuları da yerinə yetiririk, baxmayaraq ki, əlbəttə, işin daha da səmərəli və tezliklə görülməsi üçün çadırların bir yerdə quraşdırılması məqsədəmüvafiq olardı. Ancaq biz insanların istəklərini nəzərə alaraq hər bir həyətdə çadırları qururuq. İçməli su, elektrik məsələləri də öz həllini tapmalıdır. İctimai yerlər artıq müəyyən edilib, səyyar hamamlar, ərzaq məntəqələri, yeməkxanalar və tibb məntəqələri quraşdırılır və quraşdırılmalıdır. Yəni, bütün müvafiq qurumlar öz vəzifə borclarını yerinə yetirirlər və elə etməliyik ki, insanların əziyyətini minimum səviyyəyə endirək. Nə qədər mümkünsə insanların müvəqqəti məskunlaşma yerlərində gözəl şərait yaradaq ki, onlar az əziyyət çəksinlər.
Təmir-bərpa işləri şübhəsiz ki, keyfiyyətlə aparılmalıdır. Dağılan evlərin böyük əksəriyyəti onilliklər bundan əvvəl tikilmiş evlərdir. Keyfiyyətsiz materiallardan istifadə olunmuşdur və texnoloji qaydalara riayət edilməmişdir. Yeni tikiləcək evlər qeyd etdiyim kimi, həm dağılmış evlərdən daha da böyük olmalıdır və həm də şübhəsiz ki, keyfiyyətli olmalıdır. Bütün texnoloji qaydalar tətbiq edilməlidir ki, insanlar bu evlərdə rahat yaşasınlar.
Azərbaycan dövləti təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib. Dünən mənim göstərişimlə bu məqsədlər üçün 20 milyon manat vəsait ayrılıbdır. Ancaq real vəziyyət, yəni, yeni məlumatlar göstərir ki, bu vəsait bizə kifayət etməyəcəkdir. Biz növbəti mərhələdə əlavə vəsaitin ayrılmasına da baxmalıyıq. Dövlət büdcəsində və ehtiyat fondlarında vəsait var və biz bu vəsaitdən istifadə edib bütün məsələləri tezliklə həll etməliyik. Bizi çox böyük işlər gözləyir. Üç minə qədər evin tikintisi çox böyük maliyyə vəsaiti tələb edəcəkdir və texniki məsələlər öz həllini tapmalıdır. Biz çalışmalıyıq ki, bütün evləri qısa müddət ərzində bərpa edək ki, insanlar az əziyyət çəksinlər. Bütün müvafiq qurumlar, yerli icra orqanları burada əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Bu məqsədlə qərargah yaradılıbdır və biz bütün işləri ardıcıllıqla və keyfiyyətlə görməliyik.
Bizim siyasətimizin mərkəzində insan amili dayanır. Bizim siyasətimiz sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar, ilk növbədə, insanların rahat yaşamasına yönəldilibdir. Əlbəttə, ağır vəziyyətə düşmüş vətəndaşlarımızın problemlərinin həlli bizim üçün həmişə olduğu kimi, prioritetdir. Bizim dövlət güclü dövlətdir, biz istənilən sınaqdan şərəflə çıxa bilirik və təcrübə də bunu göstərmişdir. İki il bundan əvvəl baş vermiş daşqınlar nəticəsində minlərlə ev dağılmışdı. O evlər yenidən quruldu, yeni qəsəbələr tikildi, kəndlər bərpa edildi, məktəblər inşa olundu, yollar çəkildi.
Yəni, təcrübəmiz var, xilasedicilərimiz başqa ölkələrdə xilasetmə missiyalarında uğurla fəaliyyət göstərirlər.
Xilasedicilərimiz həm yanğınların, zəlzələlərin və digər təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında artıq çox böyük peşəkarlıq nümayiş etdiriblər. Öz problemlərimizi biz özümüz həll edəcəyik. Bizdə kifayət qədər imkanlar, çadırlar, səyyar mətbəxlər vardır. Yenə də deyirəm, məsələnin hərtərəfli həlli üçün təhlil, söküntü, tikinti-bərpa işləri, eyni zamanda, insanların normal yaşamasını təmin etmək üçün bütün məsələlər öz həllini tapmalıdır və əminəm ki, tapacaqdır.
X X X
Sonra fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV vəziyyətlə bağlı məlumat verərək dedi:
- Çox sağ olun, möhtərəm cənab Prezident. Mayın 7-də Zaqatala, Qax və Balakən rayonlarının ərazisində güclü zəlzələ baş vermişdir. Zəlzələnin episentri 9-11 kilometr dərinlikdə, gücü isə 7 bal olmuşdur. Saat 9.40-da baş vermiş ilkin zəlzələ 5,3 bal gücündə hiss olunmuşdur. Ondan sonra saat 19.22-də baş verən zəlzələ isə dağıdıcı olmuşdur.
Kəndlərdə əsas dağıntılara bu zəlzələ səbəb olmuşdur. Bu zəlzələlərin arasında təxminən 500-ə qədər yeraltı təkan qeydə alınmışdır. Xırdalı, böyüklü zəlzələlər haqqında icazə versəydiniz mənim çıxışımdan sonra Milli Seysmoloji Mərkəzin direktoru məruzə edərdi. Mən isə gördüyümüz işlər haqqında məlumat verim.
Zəlzələ baş verən anda Sizin mənə tapşırığınızdan dərhal sonra bütün rəhbər heyət Zaqatalaya gəlmişdir. O cümlədən min nəfər yaxın şəxsi heyət bu gün müxtəlif qərargahlarda, kəndlərdə fəaliyyət göstərir. Bizim ilkin işimiz əhali arasında tələfatın olub-olmamasını və zədələnənləri araşdırmaq idi. Məlum oldu ki, heç bir insan həlak olmamışdır. Amma yüngül zədələrlə qurtulanlar olmuşdur ki, onlara da tibbi xidmət göstərilmişdir və bu gün onların vəziyyətləri yaxşıdır. Birinci və ikinci dağıdıcı zəlzələdən sonra işləyən komissiyaların rəyləri artıq əlimizdədir. Zaqatala rayonu üzrə uçulmuş evlərin sayı 274, qəzalı evlərin sayı 2052 – cəmi 2326 ev. Balakən rayonunda uçulmuş ev qeydə alınmamışdır, qəzalı evlərin sayı 35-dir. Qax rayonu üzrə 250 uçulmuş ev var və 150 ev qəzalı vəziyyətdədir – cəmi 400 ev. Bu rayonlar üzrə uçulmuş evlərin sayı 524, qəzalı evlərin sayı 2237 və bütün bunların hamısının cəmi, bu saata olan məlumata görə 2761-dir.
Sosial obyektlərlə bağlı – bütün bu üç rayonda 74 məktəb, ciddi zərər çəkmişdir, bunların hamısı yenidən tikilməlidir.
Həmçinin 48 uşaq bağçası, 2 lisey, 40 inzibati bina, 9 tibb məntəqəsi, 4 məscid – cəmi 177 sosial obyekt uçulmuş və ya qəzalı vəziyyətdədir.
Möhtərəm cənab Prezident! Sizin tapşırığınıza əsasən əhali arasında icra hakimiyyətlərinin başçıları ilə bərabər ilkin olaraq danışıqlar, söhbətlər aparılmışdır. Çünki əhali ilk gün və bu gün də daxil olmaqla təbii fəlakətdən açıq desək, bir balaca qorxuya düşmüşlər. Bu da təbiidir və apardığımız işin nəticəsində, tapşırıqlarınızı onlara çatdırandan sonra əhalidə nisbətən sakitlik yaranmışdır və onlar bu qəza ilə bağlı öz xahişlərini söyləmişlər.
Dünən Sizin verdiyiniz tapşırığa görə mən şəxsən bir neçə böyük qəsəbədə olmuşam və onlara evlərin tikilməsindən başqa, ərzaq və digər xidmət göstərilməsi haqqında məlumat vermişəm ki, bu da əhali tərəfindən müsbət qarşılanmışdır. İcazə versəniz məruzə edərdim ki, artıq buraya gətiriləcək, gətirilən və yolda olan 2600 çadır vardır. Biz ilk günlərdə qəzalı evlərə yaxınlaşmamaları üçün əhalini böyük çadırlarda yerləşdirmişdik.
O günə, yəni dünənədək imkan daxilində hərənin həyətində öz ailə tərkibinin sayına görə çadırlar paylanmışdır. Bu gün, sabah, ola bilsin ki, birisi gün günortaya qədər hər bir ev fərdi çadırla təmin olunacaqdır. Bundan əlavə, əhaliyə un, şəkər, yağ, uşaq yeməkləri, çay, yuyucu toz, sabun, uşaq üçün gündəlik paltarlar paylanmışdır. Əhali gündəlik qaz balonları xahiş etmişdirlər ki, həyətlərində yeməklərini bişirsinlər və onları da biz bu gün və sabah ərzində təmin edib əhaliyə təqdim edəcəyik.
Ümumiyyətlə tikinti ilə bağlı dünən Sabirabad və Saatlı rayonlarında inşaatda təcrübəsi olan şirkətlərin və digər şirkətlərin rəhbərləri buraya dəvət olunmuşdular. Onların arasında iş bölgüsü aparılmışdır. Onlar hansı kənddə böyük işlər aparılacaqdır, orada bizim qurduğumuz qərargahla təmasda olacaqlar. Amma Siz bu gün əlavə tapşırıqlar verdiniz ki, o evlər indiki evlərdən daha böyük, daha gözəl olmalıdır və layihələr fərdi surətdə hər bir evin sahibləri ilə razılaşdırılmalıdır. Yəni, onlara göstərilməlidir ki, onlar necədir. Bu gün Siz camaatla söhbətinizdə də vurğuladınız ki, o tikintilərdə iştirak edəcək işçi qüvvələrinin çoxu elə kənddə yaşayan insanlar olacaqdır. Bu da onlara əlavə pul qazanmalarına kömək edəcəkdir.
Artıq dünəndən başlayaraq ağır texnikalar kəndlərə paylanmışdır və ardı gəlir. Divarları tikmək üçün sement və digər inşaat materialları paylanır. Bilirsiniz ki, çoxlu divar uçubdur. Onlara bizim müəyyən etdiyimiz tikinti şirkətləri qarışmayacaqlar. Onlara biz sement və digər materiallar verəcəyik ki, öz divarlarını özləri bərpa etsinlər.
İçməli su, məhəllələrdə müvəqqəti hamamlar, səyyar mətbəxlər məsələsi həll olunur. Tibbi xidmət göstərmək üçün həm Səhiyyə Nazirliyinin qurumları və əgər başqa yerlərdə tələb olunacaqsa, bizim tibb xidmətinin əməkdaşları onlara tibb xidmət göstərəcəklər. Camaata nə lazımsa hamısı ilə təmin olunacaqlar.
Prezident İlham ƏLİYEV: Sağ olun. Əyləşin. İnsanların narahatlığını əlbəttə ki, başa düşmək olar. İnsanların gözü qabağında onların evləri uçulub dağılıb. Bu gün həm Zaqatala, həm Qax rayonlarında vətəndaşlarla görüşlər əsnasında onların nikbinliyi də görünür. Çünki onlar inanırlar ki, Azərbaycan dövləti əlindən gələni əsirgəməyəcək və onların evləri tezliklə yenidən qurulacaqdır. Mən də qeyd etdim ki, tezliklə bu məsələyə baxacağıq və yeni evlər əvvəlki evlərdən qat-qat üstün olacaqdır. Bütün parametrlər üzrə - həm ölçülərə, həm keyfiyyətə, həm də müasirliyə görə. Biz bu məsələyə baxacağıq və əlbəttə ki, indiki mərhələdə əsas məsələlərdən biri insanların müvəqqəti yerləşdirilməsidir.
Qeyd etdiyiniz kimi, insanların xahişləri nəzərə alınır. Şübhəsiz, ilk anlarda insanlar stress keçirmişlər və bu, başadüşüləndir. Hazırda vətəndaşlardan bizə gələn xahişlər artıq yerinə yetirilir, məsələlərə baxılır, ərzaq təminatı və məişət problemləri ilə bağlı bütün məsələlər mümkün qədər öz həllini tapmaqdadır.
X X X
Seysmoloji vəziyyətlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban YETİRMİŞLI xəritələr, diaqramlar əsasında məlumat verərək dedi:
- Çox sağ olun möhtərəm cənab Prezident! Gördüyünüz kimi, bu, güclü zəlzələlər baş verən ərazidir. Birinci saat 09.40-da olan zəlzələnin episentri, ikinci isə saat 19.15-də olan zəlzələnin episentridir. Bu ərazi isə ümumiyyətlə ocaq zonasıdır - mütəmadi olaraq qeydə aldığımız, sonradan baş vermiş afterşokların episentrləridir. Birinci zəlzələ güclü zəlzələdir.
Bilirik ki, bu ərazi seysmoaktiv bölgədə yerləşir, burada tarixən zəlzələlər olub, mən bunu göstərəcəyəm. Ancaq ikincisi ondan da güclü olub və dağıntılar daha çox yaranıb. Çünki bu ərazidə ümumiyyətlə yanvar ayından aktivlik başlayırdı. Biz bunu görmüşdük, hiss edirdik.
Burada baş verən zəlzələ təsadüfi deyildir. Sadəcə olaraq, mən onu deyim ki, dünyanın heç bir ölkəsində zəlzələnin vaxtını, dəqiq gününü demək qeyri-mümkündür. Çünki qısamüddətli proqnoz yoxdur, nəinki bizim ölkədə, hətta bütün dünyada.
Möhtərəm Prezident, aparılan bu tədqiqatlara görə mən Sizə təşəkkürümü bildirmək istəyirəm. Çünki Siz seysmologiyaya çox diqqət yetirirsiniz. Bu gün Azərbaycanda tədqiqatlar o cihazlarla aparılır ki, dünyanın ən müasir avadanlığıdır. Bunu təkcə mən demirəm. Yaponiyadan, ABŞ-dan, digər ölkələrdən gələn alimlər, seysmoloqlar bunu təsdiq edirlər. Təbii ki, bu iş davam edir. Məlumat üçün onu da deyim ki, bu il ilk dəfə olaraq biz Xəzər dənizinin dibində seysmik stansiyalar quraşdıracağıq. Quru ərazilər qurtarandan sonra oraya keçəcəyik.
Ekranda göstərilən görüntülər həmin zəlzələlərin mexanizmidir. Biz parametrlər üzrə bunun elmi araşdırmalarını aparmışıq. Deməli, burada proses necə gedir? Gördüyünüz kimi, bu, təkan nəticəsində qırılıb düşmə prosesidir. Yəni, gördüyünüz kimi, blokdaxili gedən prosesdə litosferdə böyük bir qırılma baş verib və onun təsirindən həmin təkanlar yaranıb. Onun 3D modelini qurmuşuq. Yəni ocaqda bu cür proses - qırılıb düşmə, sıxılma və burada olan parçalanmalar gedib. Bu indi də davam edir. Dediyim kimi, biz ilin əvvəlindən burada aktivlik müşahidə edirdik. Çünki burada zəif təkanlar özünü göstərir. Apardığımız digər geofiziki tədqiqatlar da onu göstərirdi ki, burada fəallıq gözlənilir. Bu, ilk baş vermiş zəlzələnin episentridir.
Bu gördükləriniz isə Azərbaycanda hazırda mövcud olan, fəaliyyət göstərən ən müasir avadanlıqlar, stansiyalardır. Yəni, bölgələrdə olan stansiyalardır. Bunlar peyk rabitəsi ilə saniyəbəsaniyə respublikanın hər hansı ərazisində, regionda, eləcə də dünyanın müxtəlif nöqtələrində baş vermiş zəlzələni Bakıya ötürür, onu biz əyani surətdə monitorda görür, sonradan proqramlar üzrə elmi araşdırmalar aparırıq.
Hər iki zəlzələnin dalğa yazıları, yəni spektr analizini də aparmışıq. Biz bu yolda qruntun rəqsini, sonradan isə zəlzələ vaxtı binanın rəqsini müəyyən edirik. Biz bunu inşaatçılara veririk ki, həmin ərazidə hansı bal gücündə zəlzələ ola bilər, necə tikmək lazımdır ki, qruntun rəqsi ilə binanın rəqsi üst-üstə düşməsin, əks təqdirdə gələcəkdə zəlzələ vaxtı böyük dağıntılar əmələ gətirə bilər. Bu, bizim apardığımız işlərdir.
Bu isə ikinci zəlzələnin təsviridir, Rixter cədvəli üzrə 5,7 bal gücündə baş verib. Onun dalğaları yerin səthinə doğru şaquli hərəkət etdiyinə görə də o cür dağıntılar əmələ gəlib. Binalarda əmələ gələn dağıntıların digər bir səbəbi isə onların keyfiyyətsiz inşaat materiallarından, yəni çay daşlarından tikilməsidir.
Bu isə ayın 7-də saat 09.40-dan sonra baş vermiş təkanların zaman üzrə paylanmasıdır. Cənab nazir qeyd etdiyi kimi, 500-dən çox afterşok olmuşdur. Üstəlik ayrı-ayrı xırda təkanlar vardır. Onlar birdən aşağı olan təkanlardır. O barədə mən bir-iki kəlmə deyəcəyəm, onun ayrı səbəbləri də vardır. Bu, onu göstərir ki, proses gedir. Biz burada qruntun saniyədə nə qədər yerdəyişməsini hesablamışıq.
Bu xəritədə mən episentri göstərmək istəyirəm. Göründüyü kimi, bura Mamrux, Çobankol kəndləridir. Siz oralarda oldunuz, dağıntılara baxdınız. Bunlar isə Gözparaq, Bazar, Qımır, Güllük kəndləridir. 7,7-dən çox olan episentr buradır.
Hesablamalarımıza görə, episentrin uzunluğu 15 kilometrdir. Bu sahə proses gedən sahədir. Burada 10 kilometr, 9 kilometr, 11 kilometr dərinlik arasında proses gedir. Proses bu gün də davam edir. Bizim Zaqatalada, Şəkidə, Qəbələdə, İsmayıllıda, dağın o biri tərəfində - Xınalıqda, Qubada, Qusarda, Dəvəçidə, Şamaxıda stansiyalar vardır. Buna baxmayaraq, episentrinin harada olduğu bilinməyən zəif təkanlar da vardır. Buna görə mən əlavə tapşırıq verdim və ABŞ istehsalı olan yeni mobil rəqəmsal stansiyalar bu zonalarda quraşdırılacaqdır.
X X X
Prezident İlham ƏLİYEV: Aydındır. Yaxşı, sağ olun. Bu kəndlərin mühafizəsi ilə bağlı tədbirlər də görülməlidir. Bu təcrübə də bizdə vardır. Daşqın zonasında artıq bu təcrübəni biz tətbiq etmişdik. Burada da Daxili İşlər Nazirliyi bütün bu məsələlərə baxmalıdır. Hər bir kənddə mühafizə məsələləri yüksək səviyyədə təşkil edilməlidir.
Daxili işlər naziri Ramil USUBOV: Cənab Prezident, məruzə edirəm ki, hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyi ilə danışaraq buraya məsul əməkdaşlarımız gəliblər. Burada Daxili Qoşunların böyük bir alayı yerləşir. Yəni, qüvvələr ayrılıbdır və kəndlərdə asayişin qorunması, baş verə biləcək cinayətlərin qarşısının alınması üçün bütün tədbirlər görülür, tapşırığınıza əsasən bu da axıra qədər davam etdiriləcəkdir, cənab Prezident!
Prezident İlham ƏLİYEV: Çox yaxşı. Yerli icra orqanları da öz vəzifə borclarını bilirlər. Daim, ümumiyyətlə bütün dövrlərdə insanlarla əlaqədə olmaq lazımdır. Hər bir məntəqədə, hər bir kənddə insanların problemlərini araşdırmaq və həll etmək lazımdır. Xüsusilə belə çətin anlarda vətəndaşlar sizin qayğınızı daha da çox hiss etməlidirlər. Sizin qəsəbə, kənd nümayəndələri daim bu işlərdə fəal olmalıdırlar. İndi dövlət qurumları tərəfindən bütün lazımi tədbirlər görülür. Siz də öz tərəfinizdən bütün bu işlərdə fəal iştirak etməlisiniz. Bu vəziyyətdən çıxmaq üçün sizin bütün imkanlarınız səfərbər olunmalıdır.
Bütün vəzifələr aydındır. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq. Bütün evlər, məktəblər yenidən tikiləcəkdir. İndi fövqəladə hallar naziri deyir ki, 74 məktəb tikilməlidir. Çox böyük işdir. Çalışmaq lazımdır ki, tədris ilinə qədər biz bunu edək və əlbəttə ki, siz yeni məlumatın hesablamalarını da təqdim edin. Əlavə vəsait nə qədər və nə vaxt lazım olacaqdır?! İndi ayrılan 20 milyon manat vəsaitdən artıq istifadə etməyə başlayın. Ancaq əlbəttə ki, bu məqsədlər üçün, yəni, fəsadların aradan qaldırılması üçün lazım olan vəsait indi ayırdığımızdan qat-qat çox olacaqdır.
Bir daha demək istəyirəm ki, bu, çox güclü təbii fəlakətdir, çox güclü zəlzələdir. Yeddi bal gücündə zəlzələ çox güclü zəlzələ hesab olunur. Yenə də deyirəm, xoşbəxtlikdən insan itkisi olmamışdır. Biz bütün imkanlarımızı səfərbər edib tezliklə zəlzələnin fəsadlarını aradan qaldırmalıyıq, yeni evləri tikməliyik. İnsanlar da bir daha görəcəklər ki, Azərbaycan dövləti güclü dövlətdir və bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və bizim bu sahədəki siyasətimiz dəyişməz olaraq qalır. Əminəm ki, zəlzələdən əziyyət çəkmiş bütün kəndlərdə qısa müddət ərzində yeni gözəl evlər, binalar tikiləcək və insanların güzəranı daha da yaxşı olacaqdır. Sağ olun.
X X X
Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olan və müvafiq tapşırıqlarını verən Prezident İlham Əliyev mayın 9-da Bakıya qayıtdı.