Məhəmməd Məmmədovdan, Biləsuvar, Azərbaycan
29 noyabr 2020, 15:50
Əziz və möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Bir Azərbaycan vətəndaşı kimi, bu teleqramı Sizə böyük qürur hissi ilə yazıram. Sizin müdrikliyiniz, qətiyyətiniz nəticəsində xalqımızın 30 ilə yaxın bir müddətdə çəkdiyi həsrətə son qoyulmuşdur. Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağ və ona bitişik rayonlarımız işğaldan azad olunur. Bu bir Prezident, müzəffər Ali Baş Komandan kimi Sizin çox böyük tarixi qələbənizdir. Qədirbilən xalqımız Sizin kimi müdrik, yenilməz qətiyyətli liderlə fəxr edir. Tarix Sizin simanızda ulu öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev söyləmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün biz bu uzaqgörənliyin canlı şahidləriyik. Sizin müdrikliyinizlə Azərbaycanın ərazi bütövlüyü təmin edilir, torpaqlarımız işğaldan azad olunur. Bu şanlı qələbə ilə Siz adınızı milyonlarla insanın ürəyinə, xalqımızın tarixinə yazmaqla əsrlərin yenilməz lideri oldunuz.
Müzəffər Ali Baş Komandan, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasında bütün bölgələrimiz kimi, həmişə ölkə rəhbərliyinə öz sədaqətləri ilə seçilən biləsuvarlılar da hünər göstərirlər. Bu torpağın yetirməsi, bütün türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimovun heç vaxt yaddan çıxmayacaq şücaəti bu gün dillər əzbəridir. Bu gün torpaqlarımızı işğaldan azad edən, onun keşiyində duran hər bir cəsur hərbçimiz Mübariz İbrahimov kimi yenilməz qəhrəmanın layiqli davamçılarıdır. Onların hünəri Sizin tərəfinizdən həmişə yüksək qiymətləndirilir. Bu gün Milli Ordumuzda Biləsuvar torpağının yetirdiyi Hikmət Mirzəyev, Elçin Xəlilov, Nizami Məmmədov kimi Sizin tərəfinizdən yüksək general rütbəsinə layiq görülmüş oğullar Vətənimizə şərəflə xidmət edirlər. Bütün xalqımız Ali Baş Komandan kimi Sizinlə, qəhrəman hərbçilərimizlə fəxr edir. Biləsuvarlı hərbçilərin fəaliyyətini yüksək qiymətləndirdiyinizə görə bütün Biləsuvar sakinləri, ziyalıları və ağsaqqalları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Əmin ola bilərsiniz ki, bütün xalqımız kimi biləsuvarlılar da bundan sonra da Sizin ətrafınızda daim sıx birlik, dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət nümayiş etdirəcəklər.
Qoy Uca Tanrı Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə daim Sizi və ailənizi qorusun. Amin!
Dərin hörmətlə,
Məhəmməd Məmmədov
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.