İlham Əliyev Respublika mehmanxanasının təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur
20 iyul 2010, 18:27
Respublika mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
Görülən işlər barədə dövlət başçısına məlumat verilmişdir. Bildirilmişdir ki, yenidənqurma işlərini yerli və xarici mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirmişdir. İnşaat işlərində 140-a yaxın fəhlə və mütəxəssis iştirak etmiş, təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılmışdır. Qonaqların rahatlığını təmin etmək məqsədi ilə mehmanxanada müxtəlif idman qurğuları da quraşdırılmışdır.
12 mərtəbəli mehmanxanada 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verir. Mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da yaradılmışdır. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərir.
Azərbaycan Prezidenti və xanımı görülən işlərlə yaxından tanış oldular, mehmanxananın eyvanından şəhərin panoramını seyr etdilər.