Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunmuşdur
05 may 2012, 11:00
Nyu-Yorkda BMT-nin baş katibi adından və BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkə tərəfindən nahar təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Pan Gi Mun naharda iştirak etmişlər.
Dövlət başçısı İlham ƏLİYEV naharda çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar, ziyafətimizə xoş gəlmisiniz!
Dəvətimizi qəbul etdiyinizə görə çox minnətdarıq. Bu gün səhərdən bir yerdəyik və beynəlxalq əhəmiyyətli bir sıra məsələləri müzakirə etdik. Əməkdaşlığımıza verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm.
Bu gün biz qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, müzakirələrimiz əməkdaşlıq və konstruktivlik ruhunda keçəcəkdir. Bizi dəstəkləyən bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Çünki bu, bizim üçün əlamətdar hadisədir. Hətta, deyərdim ki, tariximizdə ən əlamətdar hadisələrdən biridir. Biz Təhlükəsizlik Şurasına seçilmişik. Hazırda isə sədrliyə başlayırıq. Burada bu rolda olmağıma və belə xoşbəxt anları dostlarımızla bölüşməyə çox şadam.
Bir daha xoş gəlmisiniz və icazənizlə mən sözü baş katibə vermək istərdim.
X X X
BMT-nin Baş katibi Pan Gi MUN çıxışında Azərbaycanı BMT Təhlükəsizlik Şurasına seçilməsi və sədrliyə başlaması münasibətilə bir daha təbrik etdi və uğurlar arzuladı.