İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
19 iyul 2010, 14:02
Prezident İlham Əliyev Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Cənab Konstantin Qrişenko Ukrayna Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ukrayna Prezidentinin bu yaxınlarda Azərbaycan Prezidenti ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını bildirdi. Konstantin Qrişenko qeyd etdi ki, Ukrayna dövlətinin başçısı Azərbaycan ilə əlaqələrin inkişafına və ikitərəfli münasibətlərimizlə bağlı bütün məsələlərə böyük önəm verir və bu məsələləri daim diqqət mərkəzində saxlamağı tapşırır.
Dövlət başçısı Azərbaycanın Ukrayna ilə münasibətlərə böyük əhəmiyyət verdiyini və bunun ölkəmiz üçün önəmli xarakter daşıdığını vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə əldə olunan müsbət nəticələrin gələcək inkişaf üçün yaxşı əsas yaratdığını qeyd etdi, iqtisadi, sənaye, energetika və bütün digər sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırdı. Hazırkı mərhələdə münasibətlərimizin daha effektiv və dinamik xarakter daşımasının vacib olduğunu bildirən Prezident İlham Əliyev Ukraynanın Xarici İşlər nazirinin ölkəmizə səfərinin bu baxımdan önəmini vurğuladı.
Dövlət başçısı Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukraynanın dövlət başçısına çatdırmağı xahiş etdi.