S.N.Əliyevadan, Bakı, Azərbaycan
24 noyabr 2020, 11:27
Möhtərəm cənab Prezident.
Sizin müdrik dövlətçilik fəaliyyətiniz, xalqımızın Sizə olan sarsılmaz inamı, qüdrətli ordu quruculuğunuz və Ali Baş Komandan kimi şanlı sərkərdəliyiniz sayəsində illərlə işğalda qalan torpaqlarımızı azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyinizi bir ana, Qarabağ əsilli ziyalı, Vətənimizin adını daşıyan, müstəqilliyimizlə eyni yaşda olan Azərbaycan Universitetinin rektoru olaraq öz adımdan və bütün kollektivimiz adından ürəkdən alqışlayır, Sizi bu möhtəşəm qələbə münasibəti ilə təbrik edir və dərin təşəkkürümüzü bildirirəm.
Sizin komandanlığınız altında bir yumruq kimi birləşmiş Azərbaycan Ordusu qazandığı qələbə ilə ulu öndər Heydər Əliyevin və minlərlə şəhidin ruhunu şad etdi.
Dəyərli Prezidentimiz, Sizin uzaqgörən daxili və xarici siyasətiniz, milli mənafelərimizə yönəlmiş fəaliyyətiniz nəticəsində müzəffər Azərbaycan Ordusu xalqımızın illərlə əzilən qürurunu, milli mənliyini özünə qaytardı. Azərbaycan xalqı öz kimliyini, dövlətinin gücünü, milli ləyaqətini bütün dünyaya bəyan etdi. Siz apardığınız uğurlu dövlətçilik siyasəti ilə tarixə ad salmış türk fatehlərinin davamçısı olduğunuzu dünyaya bir daha sübut etdiniz. Sizin başçılığınız ilə Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə şanlı qəhrəmanlıq salnaməsi yazdı və bu gün işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli qələbə bayrağımız vüqarla dalğalanır.
Xalqın Sizə olan sarsılmaz inamı nəticəsində əldə olunan bu tarixi qələbə ölkəmizin gələcəyi üçün elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ön sıralarda öz yerini qoruyub saxlayacaqdır. Biz, Azərbaycan ziyalıları, ölkə ali təhsilinin qarşısında qoyulmuş yüksək məqsədlər uğrunda, beynəlxalq miqyasda Azərbaycan həqiqətləri ilə bağlı müsbət fikir formalaşdırılması üçün, dövlətimizin və xalqımızın rifahı naminə bütün gücümüzü səfərbər etməklə Sizin yanınızdayıq.
Möhtərəm Prezident, Azərbaycan Universitetinin bütün heyəti adından Sizi möhtəşəm qələbəmiz münasibətilə bir daha təbrik edir və Sizə dərin təşəkkürümüzü bildirir, Azərbaycanımızın gələcəyi naminə yüksək dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, yeni qələbələr arzulayırıq.
Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!
Hörmətlə,
S.N.Əliyeva
Azərbaycan Universitetinin rektoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.