Emin Həsənlidən, Bakı, Azərbaycan
23 noyabr 2020, 15:01
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin illərdir apardığınız qətiyyətli siyasətiniz, rəşadətli addımlarınız və sərkərdəlik məharətiniz sayəsində müzəffər Ordumuz 30 ilə yaxın həll olunmayan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini köklü olaraq həll edib möhtəşəm qələbəyə imza atdı. Qazanılan qələbənin, dünya hərb tarixinə əbədi həkk olunacaq qalibiyyətin tarixi imzası məhz Sizə - İlham Heydər oğlu Əliyevə məxsusdur!
Siz müqəddəs şəhərimiz Şuşanın azadlığa qovuşmasının xəbərini xalqımıza çatdıranda “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” dediniz. Hamımıza bəllidir ki, bu gün qazanılan uğurların, müvəffəqiyyətlərin təməlində ulu öndər Heydər Əliyevin başlatdığı siyasət, ordu quruculuğu dayanır. Sizin xalqın xilaskar oğlu Heydər Əliyevin siyasətini davam etdirməyiniz bizi böyük qələbəyə, zəfərə aparan yol oldu. Zəfərə gedən yolda xalq-iqtidar, xalq-ordu həmrəyliyi onu göstərdi ki, Azərbaycan xalqı milli məsələlərdə birlik nümayiş etdirməyi, inandığı, etibar etdiyi rəhbəri - Prezidenti ətrafında sıx birləşməyi bacarır! Xalq olaraq Sizin ətrafınızda sıx birləşərək “Qarabağ Azərbaycandır!” deyə-deyə dünyaya göstərdik ki, biz necə qüdrətli, necə qürurlu, necə rəşadətli xalqıq!
Möhtərəm cənab Prezident, biz - tərxis olunmuş hərbçilər təklif edirik ki, azad olunmuş müqəddəs Şuşa şəhərində Qarabağ Dövlət Universiteti təsis olunsun və həmin universitetə ümummilli lider Heydər Əliyevin adı verilsin. Həmin universitetin Azərbaycanla bərabər, Türk dünyasının sayılıb seçilən təhsil ocaqlarından olması istiqamətində addımlar atılsın.
Dərin hörmətlə,
Emin Həsənli,
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.